Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 7 oktyabr — Sputnik. Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar dənizdən 150 işçi təxliyə edilib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin əməkdaşı Elçin Kazımov məlumat verib.
O bildirib ki, güclü külək səbəbindən dənizdə çalışan neftçilər təxliyə ediliblər. E.Kazımov hava şəraiti ilə bağlı 150 işçinin təxliyə edildiyini bildirsə də, dənizdə hələ neftçilərin qaldığını söyləyib. O qeyd edib ki, bütün neftçiləri təxliyə etmək mümkün deyil. Çünki hər-hansı qəza baş verərsə, bunu aradan qaldırmaq üçün dənizdə mütəxəssis olmalıdır: "Buna görə də, zəruri sahələrdə dənizdə növbətçilik təmin edilib. Neft-qaz yataqlarında növbətçi gəmilər, FHN-nin yanğından mühafizə gəmiləri növbə çəkir".
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilir ki, Xəzər Dəniz Akvatoriyasında oktyabrın 7-si səhər saat 9:00-dan axşam saat 21:00-dək şimal-qərb, şimal küləyinin sürəti 13-18 metr saniyə, arabir 20-23 metr saniyə olacaq. Sonrakı inkişafda küləyin sürəti isə 25-30 metr saniyəyədək güclənəcək. Dalğanın hündürlüyü 2,5-3,5 metr, sonrakı inkişafda 3,5-5,5 metr olacaq. Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir.