Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 6 oktyabr - Sputnik. Ələt-Astara magistral yolunun Astaranın Təngərüd kəndi ərazisindən kecən hissəsində yük avtomobili ilə minik avtomobili toqquşub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, Təngərüd kənd sakini, 1994-cü il təvəllüdlü Əhməd Sabutay oğlu Əsgərovun idarə etdiyi 90-MR-526 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən yoluna çıxan iribuynuzlu heyvan onun idarəetməni itirməsinə səbəb olub.
İdarəetmədən çıxan "Mercedes" qarşıdan gələn həmkəndlisi, 1965-ci il təvəllüdlü Arzu Əsgərovun idarə etdiyi 99-GE-476 dövlət qeydiyyat nömrə nişanlı "Ford" markalı yük avtobili ilə toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan şəxslər dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. "Mercedes"in sürücüsü Ə.Əsgərov və sərnişini, 1993-cü il təvəllüdlü Ramiz Pərviz oğlu Əsgərov Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti daha ağır qiymətləndirilən R.Əsgərov üçün Bakıdan həkim briqadası çağırılıb. Digər yaralı, "Ford"un sərnişini, 1972-ci il təvəllüdlü Kəmalə Şair qızı Allahverdiyevanın isə Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.
Qeyd edək ki, qəzaya düşən hər iki avtomobildəki şəxslər Təngərüd kənd sakinləri və qohumdurlar. Faktla bağlı araşdırma aparılır.