BAKI, 5 oktyabr — Sputnik. Təşkilatçılar "Jara-2020" musiqi festivalının beşinci mövsümünün konsepsiyasını təqdim ediblər. Sputnik Azərbaycan xəbər verir ki, xalq artisti, iş adamı, bəstəkar və müğənni Emin Ağalarovun layihəsinin növbəti mövsümü 29 iyul - 2 avqust tarixlərində Bakıda qeyd olunacaq.
Festivalın proqramı onun Instagram sosial şəbəkəsindəki hesabında yayımlanıb. Festivalın açılış günü - iyulun 29-da qala-konsert olacaq. İyulun 30-da yeni ulduzlar çıxış edəcəklər. İyulun 31-də 90-cı illərin hitləri səsləndiriləcək. Avqustun 1-i beynəlxalq gün olacaq, 2-də isə Z nəslinin müğənniləri çıxış edəcəklər.
"Jara" Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən başlayaraq Bakıda, 2017-ci ildən isə Novxanıdakı See Breeze kompleksində keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.