BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Mingəçevir şəhəri Kənar küçəsi 1, ev 3 ünvanında yaşayan Həsənov Kəmaləddin Əlibarat oğluna məxsus həyətyanı sahəyə baxış keçiriblər. Bu barədə Agentlikdən Sputnik Azərbaycan-a məlumat verilib.
Qeyd olunub ki, baxış zamanı vətəndaş Həsənov Kəmaləddin Əlibarat oğlunun həyətyanı sahəsində satış məqsədilə aqoniya vəziyyətdə kəsilmiş, təxmini çəkisi 400 kq olan iki baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı məlum olub.
Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.