Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 2 oktyabr — Sputnik. Xındırıstan məscidi Ağdama sarı gedən yolun sol tərəfində əzəmətli görünüşü ilə diqqət çəkir. Əvvəllər məscid binası minarəli olmasa da, hazırda burada aparılan yenidənqurma işlərinə uyğun olaraq iki minarə ucaldılıb. Bu yenilik isə Ağdam şəhərində "əsir qalmış" məscidin nişanələrini burada görmək arzusu ilə bağlıdır. İndi burada qızğın iş gedir. Bənnalar yeni divar və minarələrin üzərinə ağlay çəkirlər.
Xındırıstan - Qarabağın ən qədim kəndlərindəndir. Onun Azərbaycanın maarifçi şairlərindən olan Qasım bəy Zakirin həyatı ilə sıx bağlılığı var. Ağdamlı ziyalı Teyyub Əliyevin dediyinə görə, Mehdiqulu xan Xındırıstan kəndini Qasım bəy Zakirə bağışlayıbmış. O da buranın məhsuldar torpaqlarında pambıq, taxıl əkib-becərməklə dolanışığını təmin edirmiş. Bəy kimi kəndin sakinlərindən vergi yığmaq səlahiyyəti olsa da, heç kimi incitməz, heç nə almazmış. Teyyub Əliyevin fikrincə, bu da Qasım bəy Zakirin bir əsilzadə kimi, mənən zəngin bir şair kimi böyüklüyünü göstərir.
Qasım bəy Zakir bir vaxtlar Xındırıstan kəndində mülk qursa da, hazırda ondan əsər-əlamət yoxdur. Düzdür, bir vaxtlar şairin kənddə ev muzeyi olduğunu eşidib, oraya baş çəkmək istəsək də, arzumuz ürəyimizdə qaldı. Çünki çətinliklə tapdığımız ünvanda muzey əvəzinə musiqi məktəbinə rastladıq. Muzeyə məxsus eksponatların isə sinif otaqlarından birinə yığıldığını öyrəndik. Heç onları da görmək qismət olmadı - otağın qapısı qıfıllı idi.
Şairdən yadigar qalmasa da, Xındırıstanda qırmızı kərpicdən tikilmiş bir neçə bina var ki, üslubca sovetlər dönəmindən əvvəl tikildiyi, imkanlı kənd adamlarına məxsus olduğu bilinir. Vaxtilə kənd zəngin sənaye ənənələrinə malik olub. İlk manufaktura tipli pambıq emalı müəssisəsinin hələ də burada nişanələri qalır.
Bu gün yenidən qurulan Xındırıstan məscidinin də yaşı XX əsrin əvvəllərinə gedib çıxır. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə məscidin axundu Hacı Barat məlumat verib.
"Xındırıstan məscidi 1907-ci ildə imkanlı kənd sakini Hacı Cabbarın vəsaiti hesabına tikilib. Sovet hökuməti dini qadağan edən illərdə məsciddən başqa məqsədlər üçün istifadə edilib. Bir müddət pendir zavodu, sonra muzey, məktəb və anbar kimi fəaliyyət göstərib. Ağdam işğal ediləndən sonra isə Xındırıstan məscidi rayonun dini mərkəzinə çevrilib. Ağdam rayon məscidi buraya köçürülüb.
Tikildiyi vaxtdan 112 il sonra binanın təmirinə ehtiyac yaranıb. Ötən illərdə baş verən zəlzələlər nəticəsində məscidin divarlarında çatlar əmələ gəlib. Eyni zamanda müharibə illərində ermənilərin atdığı "Qrad" mərmilərinin binanın ətrafına tökülməsi də qəzalı vəziyyət yaratmışdı".
Həmsöhbətimiz deyir ki, özü əslən Masallı rayonunun Bədəlan kəndindəndir. 1978-ci ildə Qafqaz Müsəlmanları Ruhanilər İdarəsinin göstərişi ilə Ağdam məscidinə axund təyin olunub. Qarabağda başlayan müharibə illəri Hacı Barat üçün olduqca əzablı keçib. Vətən uğrunda canından keçən əsgərlər, qanlı müharibənin qurbanı olmuş dinc sakinlər də daxil olmaqla 5500 adamı müsəlman adətlərinə uyğun dəfnə hazırlayıb. O illəri ürək ağrısı ilə xatırlayan axund Hacı Barat bundan sonra da dövlətə və xalqa layiqincə xidmət edəcəyini deyir.
Hazırda müxtəlif məzhəblərdən olan insanların üzünə açıq olan Xındırıstan məscidində təmir-bərpa işlərinin ilin sonunadək yekunlaşacağını öyrənirik. Bu barədə Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri Əbdüləli Mehdiyev açıqlama verir: "Məscid binasının yükdaşıyıcı divarları, bünövrəsi eroziyaya uğradığından qəzalı və təhlükəli vəziyyət yaranmışdı. Biz məscidin əsaslı şəkildə bərpa olunması üçün bönövrəsi ilə yükdaşıyıcı divarlarını möhkəmləndirdik. Binanın memarlıq üslubunda dəyişiklik edərək iki minarə əlavə etdik. Bunda da məqsədimiz Ağdam şəhərindəki məscidimiz necə var idisə, onu burada yaratmaqdır".
Əbdüləli Mehdiyevlə söhbət zamanı məlum olur ki, məscid binası ilə yanaşı, ərazidə parkın salınması, mərasim zalının tikilməsi, dəfnə hazırlıqla bağlı ayinlər üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulub.
Onu da qeyd edək ki, Xındırıstan məscidində aparılan yenidənqurma işləri orijinalla təzad təşkil edir. Onun qədimi görünüşündən əsər-əlamət belə qalmayıb. Bişmiş qırmızı kərpici müasir Bakı daşları əvəz edib. Düzmü, səhvmi edirik - bunu tarix göstərəcək.