CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xidməti müqavilə ilə işləyənlər üçün yenilik - kimlər qazanacaq?

CC0 / Pixabay / oficceOfis, arxiv şəkli
Ofis, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Belə götürsək, qeyri-neft sektorunda ən sərfəli olan əmək müqaviləsi ilə işləməkdir, amma bu halda işəgötürənə ziyan olur" - Ruslan Atakişiyev

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycanda mülki-hüquqi müqavilə (xidməti müqavilə) ilə işləyənlər barədə məlumatlar reyestrə daxil ediləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin sentyabrın 19-da təsdiqlədiyi "Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası"nda əksini tapıb. Qaydaya görə, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər və sahibkarlar barədə məlumatlar Vergilər Nazirliyinin apardığı elektron informasiya sisteminin məlumatları əsasında reyestrə daxil ediləcək.

Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövləti aldadanlar: pulu alan kimi müqavilə ləğv edilib

Bu qayda "Məşğulluq haqqında" qanunun 4.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydasını müəyyən edir. Reyestr vahid informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir.

Xidməti müqavilə ilə işləyənlər barədə məlumatların reyestrə daxil edilməsi ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər, mülki-hüquqi müqavilə ilə işləmə şərtlərinə dair yeni qaydaların təsdiq edilməsi, onların reyestrinin aparılması məhz əmək bazarında problemlərin aradan qaldırılmasına yönəlib: "Artıq yeni qaydalar ilə fiziki şəxslər mülki-hüquqi müqavilə ilə uzun müddətli dövrdə sahibkarlar üçün çalışa bilməzlər, yəni eyni subyekt üçün fəaliyyət göstərə bilməzlər, xüsusilə də sahibkarın maddi vəsaitlərindən istifadə etmək şərti ilə. Və bu, 6 ay müddətini keçməməlidir. Reyestrin aparılması bu istiqamətdə nəzarət üçün imkanlar formalaşdıracaq və bundan sonra müvafiq sanksiyalar tətbiq edilə bilər. Bu isə növbəti dövrdə bir sıra müəssisələrdə fiskal öhdəliklərdən və vergi yükündən yayınmaq məqsədilə işçilərin xidməti müqavilə ilə işə cəlb edilməsi prosesini çətinləşdirəcək və məcburən bu istiqamətdə leqallaşma prosesi başlayacaq".

© Facebook / reshad.hasanov.5İqtisadçı-ekspert Rəşad Həsənov
Xidməti müqavilə ilə işləyənlər üçün yenilik - kimlər qazanacaq? - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

"Bu addım öz növbəsində müəyyən qədər həm çalışanlar üçün, həm də işəgötürənlər üçün əlavə maliyyə yükü formalaşdıracaq. Amma nəzərə almaq lazımdır ki, mülki-hüquqi müqavilə ilə fəaliyyət göstərən fiziki şəxslər bir sıra sosial müdafiə mexanizmlərindən istifadə edə, yararlana bilmirlər. Bu isə mənfi hal hesab oluna bilər. Bu şəxslərin əmək müqaviləsi ilə işləməyə başlaması növbəti dövrlərdə onların istənilən sosial müdafiə mexanizminə çıxışını nisbətən asanlaşdıracaq. Xüsusilə də əmək qabiliyyətini itirmə, işsiz qalma hallarında və yaxud gələcəkdə pensiya təminatı ilə bağlı nisbətən üstün mövqe əldə etmiş olacaqlar", - deyə o bildirib.

O qeyd edib ki, artıq yeni mexanizm ilə eyni hüquqi subyektə xidmət göstərən fiziki şəxsləri nəzarətə götürmək mümkündür:

"Amma burada əks proses də müşahidə oluna bilər. Ola bilsin ki, müəssisələr xidməti müqavilələri rəsmiləşdirməsinlər və bu da bir tərəfdən qeyri-rəsmi məşğulluğun miqyasının daha da artmasına gətirib çıxara bilər. Əsas məsələ odur ki, bu istiqamətdə nəzarəti həyata keçirən qurumlar daha effektiv fəaliyyət göstərsinlər ki, bu kimi hallar geniş yayılmasın".

Nazirlər Kabinetinin qərarı ilə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Sputnik Azərbaycan-a deyib ki, yeni qayda əmək ehtiyatlarının səmərəliliyini ölçmək üçündür: "Məşğul əhalinin siyahısı tutulacaq, ölkə üzrə əhalinin işlə təminat səviyyəsi, işsizliyin səviyyəsi dəqiq müəyyən ediləcək. Bu, gələcəkdə makroiqtisadi təhlillər üçün lazım olacaq".

Xidməti müqaviləyə gəlincə ekspert bildirib ki, tam şəkildə hamının xidməti müqavilədən əmək müqaviləsinə keçməsi ilə bağlı tələb qoyula bilməz: "Xidməti müqavilə qısa müddətli hansısa işlərin, xidmətlərin görülməsi üçün bağlanır. Amma indi xidməti müqavilə bağlayıb 6 ay - 2 il işçi kimi işləmək hallarının qarşısını almaq istəyirlər. Faktiki şəxs işçi kimi işləyirsə, onunla əmək müqaviləsi bağlanmalıdır, xidməti müqavilə yox".

© Sputnik / Kemale Aliyevaİqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev
Xidməti müqavilə ilə işləyənlər üçün yenilik - kimlər qazanacaq? - Sputnik Azərbaycan
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev

O bildirib ki, onsuz da xidməti müqavilə həmişə olacaq: "Məsələn, loqonu düzəltmək üçün dizaynerə ehtiyac varsa, onunla xidməti müqavilə bağlanır. Amma xidməti müqavilə ilə işçinin illərlə işləməsi düzgün deyil, əmək müqaviləsi olmalıdır. Burada məqsəd ondan ibarətdir ki, hansı fəaliyyət növü xidməti müqaviləyə şamil olunur, hansı fəaliyyət halında isə xidməti müqavilə deyil, mütləq əmək müqaviləsi bağlanmalıdır və bu meyarın üzərində iş aparılır, yəni bunun təsbit olunmasından söhbət gedir. Amma xidməti müqavilə həmişə lazım olacaq".

"Qeyri-neft, qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə çalışan şəxsin 8 min manatadək əldə etdiyi əmək haqqından gəlir vergisi tutulmur. Məsələn, şəxs 500 manat maaş alırsa, onun 200 manatından 6 manat, 300 manatından isə 10 faiz, yəni 30 manat sosial ödəmə tutulur. Eyni zamanda 500 manat maaşdan 0,5 faiz, yəni 2 manat 50 qəpik işsizlik sığortası tutulur. Beləliklə, şəxs 500 manat maaşa görə cəmi 38 manat 50 qəpik pul ödəyir. Bu, sırf qeyri-neft sektoruna aiddir", - deyə o bildirib.

Ekspert qeyd edib ki, amma şəxs dövlət sektorunda 500 manat maaş alırsa, bunun 200 manatı vergidən azad olunan hissədir: "Yerdə qalan 300 manata görə 14 faiz, yəni 42 manat gəlir vergisi tutulur. Üstəgəl, 500 manat maaşdan 3 faiz məcburi dövlət sosial sığorta haqqı, yəni 15 manat tutulur. Eyni zamanda 500 manat maaşdan 0,5 faiz, yəni 2 manat 50 qəpik işsizlik sığortası tutulur. Beləliklə, dövlət sektorunda 500 manat maaşa görə şəxs cəmi 59 manat 50 qəpik pul ödəyir".

"Amma xidməti müqavilə ilə 500 manat əldə edən şəxs isə 5 faiz həcmində, yəni 25 manat vergi ödəyir. Üstəgəl, fiziki şəxsin minimum əmək haqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə alsaq, bu da 50 manat edir. Minimum əmək haqqının məbləği 250 manatdır. Beləliklə, şəxs 500 manat gəlirə görə, 75 manat pul ödəyir. Belə götürsək, qeyri-neft sektorunda ən sərfəli olan əmək müqaviləsi ilə işləməkdir, amma bu halda işəgötürənə ziyan olur. Şəxsə 500 manat pul vermək üçün müəssisə 89 manat pul ödəməli olur", - deyə o bildirib.

Təqvim, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan dörd günlük iş rejiminə keçə bilərmi?

Onu da qeyd edək ki, bəzi sahələrdə mülki-hüquqi müqavilə (xidməti müqavilə) ilə işləməyə məhdudiyyət qoyulması gözlənilir. FED.az-a verilən məlumata görə, artıq bununla bağlı təkliflər hazırlanıb və hökumətdə baxılır. Təkliflərdə indiyədək bəzi hallarda vergidən yayınmaq üçün istifadə edilən xidməti müqavilələrlə bağlı məhdudiyyətlərin qoyulması nəzərdə tutulur. Tələblər göstərilən xidmətlərin çeşidinə, müqavilə ilə işləyənlərin iş rejiminə və fəaliyyət formasına, xidmətlərin ödənilməsi qaydalarına, müqavilənin müddətinə aiddir. Xidməti müqaviləni bir neçə aydan artıq bağlamaq da mümkün olmayacaq, eləcə də müqaviləni sonradan uzatmağa da icazə verilməyəcək. Hər halda belə halların qarşısının alınması üçün nəzarət ediləcək.

Təkliflərdə işçilərin xidməti müqavilə ilə cəlb edilməsinə icazə verilən sahələrin təqribi siyahısı da yer alır. Buraya müvəqqəti kompüter xidmətləri, aqrar xidmətlər, təmir işləri və s. aiddir: "Məsələn, 1-2 ay müddətində İT xidmətlərinin göstərilməsi, kompüterlərin təmiri, santexnika və ya aqrotexniki xidmətlər və s.". 

Xəbər lenti
0