Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 2 oktyabr — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
İclası zamanı V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun deputat mandatına xitam verilməsi üçün müraciətə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasda Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsinə dair qərar qəbul edilib.
Qeyd edək ki, borca görə Milli Məclisin deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament məsələyə baxılması üçün MSK-ya müraciət edib.
Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
Xatırladaq ki, R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir.