BAKI, 2 oktyabr — Sputnik. Ötən gün aktyor Kamran Ağabalayevin senari müəllifi və rejissoru olduğu "Ağacdələn" filminin təqdimat mərasimi keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, gecədə kino və teatr sahəsinin tanınmış nümayəndələri iştirak ediblər.
Son illərdə sosial və ictimai problemləri hədəf alan filmdə Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Elvin İbra, Elcan Rəsulov, aktrisa Zarina Qurbanova rol alıblar.
K.Ağabalayev filmin büdcəsi haqda məlumat verərkən ekran işinə çox maliyyə sərf olunmadığını söyləyib:
"Bu filmin büdcəsi 98 manatdır. Hər kəs demək olar ki, təmənnasız yardım göstərib. Deməli, büdcə olmadan da nəsə etmək olar".
Ötən gün təqdim edilən "Ağacdələn" filmi son illər baş verən sosial və ictimai yüklü məsələləri özündə birləşdirib.
Qeyd edək ki, "Ağacdələn"in sonunda yeni filmin anonsu verilib. Belə ki, ikinci film intihar edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevaya həsr olunacaq.