İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 1 oktyabr — Sputnik. Şamaxı rayonu 10 saylı məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində regional "Kod saatı" aksiyasının ikinci mərhələsi keçirilib.
Sputnik Azərbaycan-ın əməkdaşı Şamaxıda olub və gördüklərini qələmə alıb.
Təhsil Nazirliyi və Alqoritmika Beynəlxalq Proqramlaşdırma məktəbi ilə birlikdə "Kod saatı" aksiyaları ötən tədris ilindən bir sıra şəhərlərdə keçirilməyə başlayıb.
Bakı və Gəncə şəhərləri üçün keçirilmiş aksiyalarda 2500-dən artıq şagird iştirak edib.
Şamaxı 10 saylı məktəbdə keçirilən "Kod saatı" aksiyasına qoşulan məktəblilər aksiyanın maraqlı olduğunu və çox böyük həvəslə bu aksiyada iştirak etdiklərini bildirdilər.
1 saylı məktəbin 7-ci sinif şagirdi Fatimə Rəhimovanın sözlərinə görə, o evdə də kompüter proqramlarını öyrənir. Elə buna görə də "Kod saatı"nda tələb edilən əməliyyatları tez bir zamanda həyata keçirə bilib.
"Mən kompüter proqramlarını həvəslə öyrənirəm. Bu aksiya da mənim çox marağımı çəkdi. Verilən tapşırığı 15 dəqiqə ərzində yerinə yetirə bildim".
Tahir və Turxan qardaşları da onlara verilən tapşırığı 15 dəqiqə müddətində yerinə yetirdiklərini deyirlər. Şagirdlər hesab edirlər ki, verilən tapşırıqlar çox rahatdır və heç bir çətinlik çəkmədən onları yerinə yetirə biliblər.
Kod saatı nədir?
2013-cü ildən bəri dünyada təşkil edilən "Kod saatı" insana 1 saat ərzində kodlaşdırmanın təməlini öyrətməyin mümkün olduğunu təsdiq etmək məqsədi ilə düşünülmüş bir aksiyadır. Dünyada qısa müddətdə məşhurlaşandan sonra Azərbaycanda da sınaqdan çıxarılıb. İlk dəfə 2017-ci ildə "Microsoft Azərbaycan" və Təhsil Nazirliyi tərəfindən birgə həyata keçirilib. Bu ildən isə aksiyanın əhatə dairəsi və miqyası genişləndirilib.
"Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Fəxri Qurbanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Kod saatı" layihəsinin birinci mərhələsi sentyabrın 21-də Sumqayıt şəhəri 31 saylı məktəbdə keçirilib. Həmin askiyada 500-ə yaxın şagird iştirak etmişdi. Oktyabrın 5-də isə aksiyanın 3-cü mərhələsi Mingəçevir şəhərində keçiriləcək.
O əlavə edib ki, "Kod saatı" aksiyasında hər bir şagird 1 saat ərzində kodlaşdırmanın sirlərinə bələd ola bilir:
"Biz burada başlanğıc bacarıqlardan danışırıq. Kodlaşdırma, proqramlaşdırma bizim təsəvvürümüzdə çox çətin elm sahəsi kimi görünür. Lakin biz bu aksiya çərçivəsində həmin düşüncəin yanlış olduğunu sübut etmək istəyirik. Bildiyiniz kimi, burada elə şagirdlər var ki, 1 saat ərzində nəzərdə tutulmuş proqramlaşdırmanı 15-20 dəqiqə ərzində yerinə yetirə bilirlər".
Qeyd edək ki, "Rəqəmsal bacarıqlar layihəsi" 2017-2018-ci tədris ilində başlanılıb və bu günə qədər Bakıda 65 məktəbdə, Gəncədə 6 və Biləsuvarda milli qəhrəmanımız Mübariz İbrahimov adına liseydə həyata keçirilib.
Bu il isə layihəyə Şamaxı, Sumqayıt və Mingəçevir məktəbləri qoşulub.
Hazırda layihə 123 məktəbi əhatə edir və 70 mindən çox şagird layihədə iştirak edib.