Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 1 oktyabr — Sputnik. "Azərbaycanda alkoqollu içkilərə fərqli aksiz dərəcələrinin tətbiq edilməsi, diferensial yanaşma mümkündür. Diferensial yanaşma bir çox ölkələrin təcrübəsində də var. Məsələn, tərkibində alkoqolun dərəcəsi 18-ə qədər olan içkilərə daha az aksiz vergisi tətbiq olunur. Tərkibində alkoqolun dərəcəsi 18-dən yuxarı olan içkilərə isə daha çox aksiz vergisi tətbiq olunur. Bu da öz effektini verir".
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli spirtli içkilərə fərqli aksiz dərəcəsi tətbiq etmək mümkündürmü sualına cavab verərkən Sputnik Azərbaycan-a deyib.
Ekspertin fikrincə, Azərbaycanda alkoqollu içkilərə fərqli aksiz dərəcəsinin tətbiq edilməsinə ehtiyac var: "Diferensial yanaşma olsa, ən azından saxta məhsulların bazara çıxmasının müəyyən qədər qarşısı alınar. Diferensial yanaşma olsa, tərkibində alkoqolun dərəcəsi 18-ə qədər olan içkilərin qiymətində ucuzlaşma ola bilər, tərkibində alkoqolun dərəcəsi 18-dən yuxarı olan içkilərin qiymətində isə bahalaşma olacaq".
"Alkoqollu içkilərə fərqli aksiz dərəcəsinin tətbiq edilməsi əslində insanların istehlak vərdişlərini də dəyişə bilər, yəni güclü, kəskin alkoqollu içkilərdən zəif alkoqollu içkilərə yönəlmə ola bilər. Diferensial yanaşma olsa, qiymətlərdə fərq olacaq, bu da inşaların hətta vərdişlərinə təsir edə bilən bir məsələdir. Diferensial yanaşmanın olması daha məntiqlidir", – deyə o bildirib.
Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, aksiz dərəcələri kəskin artırılan ölkələrdə qeydiyyatsız və keyfiyyətsiz içkilərin bazara çıxmasının sürəti artır: "Bu da sağlamlığa çox ciddi təsir göstərir. Bu sosial məsələ olmadığına görə, bir çox ölkələrdə spirtli içkilərin aksiz dərəcələrini artırmağa çalışırlar və bunu alkoqolizmə qarşı mübarizə kimi də təqdim edirlər. Bu, anlaşılandır. Amma ümumilikdə ancaq aksiz dərəcələrinin artırılması yolu ilə bu sahədə mübarizə aparmaq bəzən əks effekt verir. Belə ki, bu, insan sağlamlığına zərərli olan, heç bir qeydiyyatı olmayan, gizli yerlərdə istehsal olan içkilərin ucuz qiymətə bazara daxil olmasına səbəb olur. Bu da ciddi problemlər törədir. Ona görə də bu sahədə diferensial yanaşma mümkündür".
Qeyd edək ki, Bakıda ölkədə spirtli içkilər bazarındakı ümumi vəziyyət, xüsusən də yerli istehlakçıların, habelə dünya istehlakçılarının maraqları və seçimlərinin müqayisəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib. Tədbirdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkənin istehlak bazarında satılan alkoqollu içkilərin keyfiyyət məsələsinə toxunaraq, spirtli içkilərin əlçatanlığını, xüsusən, güclü və zəif alkoqollu içkilərə fərqli aksiz dərəcələrinin tətbiqi və yaşı 18-ə çatmayan şəxslərə satışı məhdudlaşdıran siyasətin tətbiqinin vacibliyini qeyd edib.