BAKI, 1 oktyabr — Sputnik. BMT Baş Məclisinin müvafiq Qətnaməsinə əsasən, hər il oktyabr ayının 1-i bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar və hazırda ölkəmizdə ahıl vətəndaşların sayı 400 minə yaxındır. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Ahıl insanların sosial müdafiəsinin gücləndirilməsində pensiya təminatı xüsusi rola malikdir. Hazırda ölkəmizdə əmək pensiyaçılarının mühüm bir hissəsini də ahıl vətəndaşlar təşkil edir. 2006-cı ildə sığorta prinsiplərinə əsaslanan yeni "Əmək pensiyaları haqqında" qanun qüvvəyə mindikdən sonrakı dövrdə ölkəmizdə əmək pensiyasının minimim məbləği 8 dəfə artıb. Xüsusilə Prezident İlham Əliyevin 2019-cu ildə təqdim etdiyi, sosial sahədə inqilabi irəliləyişləri təmin edən sosial islahatlar paketi bu istiqamətdə növbəti mühüm addımların atılmasını təmin edib. Belə ki, cari ildə həyata keçirilən iki sosial paketin nəticəsi kimi, ölkəmizdə minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata, oktyabrın 1-dən isə 200 manata çatdırılıb. Beləliklə, Azərbaycanda əmək pensiyasının minimum məbləği təkcə cari il ərzində 72,4 faiz artırılıb, həmçinin yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faiz üstələyib, minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutub.