BAKI, 1 oktyabr — Sputnik. Azərbaycan əsilli rusiyalı müğənni, daha çox Bahh Tee təxəllüsü ilə tanınan Bəxtiyar Əliyev həyat yoldaşı Fərqanə Həsənovadan boşanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə müğənni özü "Instagram" hesabında yazıb.
Xeyli vaxt idi ki, sosial şəbəkələrdə tanınmış cütlüyün boşandığı barədə söhbətlər gəzirdi. Lakin nə müğənni, nə də onun xanımı ayrıldıqlarını etiraf edirdilər. Nəhayət, Bahh Tee özü bütün bu söhbətlərə nöqtə qoymaq qərarına gəlib. O, "Instagram" sosial şəbəkəsində yaydığı videoçarxda şəxsi həyatının bəzi nüanslarına aydınlıq gətirib.
"Mənim ailə vəziyyətimlə bağlı ən çox verilən suallara birinci və sonuncu dəfə cavab vermək istəyirəm. Mənim hazırda heç kəslə rəsmi və qeyri-rəsmi münasibətim yoxdur. Yarım ildən çoxdur ki, tək yaşayıram. Bir sözlə, mən tamamilə subay kişiyəm. Hamıya sevinc və xoşbəxtlik arzu edirəm. Və demək istəyirəm ki, həyat davam edir", - Əliyev öz sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, cütlük 2016-cı ildə Rusiyada evlənib. Onların boşanma səbəbi məlum deyil.
Bəxtiyar Əliyev (Bahh Tee) doqquz yaşından ilk şeirlərini yazmağa başlayıb. O, şeirlərini əvvəl Azərbaycan və türk dillərində yazsa da, sonradan yaradıcılığa rus dilində davam edib. Bir dəfə "Fabrika zvyozd-4" verilişini izləyərkən mahnı yazmaq qərarına gəlib. O gündən başlayaraq, Bəxtiyar həyatını musiqi ilə sıx surətdə bağlayıb. Özünün etirafına görə, ifa etdiyi mahnıların müəllifi elə özüdür. Yaradıcılığa başladığı vaxtdan elə bir günü olmayıb ki, heç olmasa, bir cümlə yazmasın.