BAKI, 30 sentyabr — Sputnik. Üzeyir Hacıbəyli XI Beynəlxalq Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında macar bəstəkarı İmre Kalmanın məşhur iki hissəli "Silva" operettası təqdim olunub.
Sputnik Azərbaycan xəbər verir ki, səhnə əsərində Silva rolunu Belarus Respublikasının Əməkdar artisti, Belarus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç Viktorovna canlandırıb.
Anşlaqla keçən tamaşada ölkənin rəsmi şəxsləri, ictimai-siyasi xadimləri, tanınmış mədəniyyət və incəsənət adamları, media əməkdaşları, həmçinin Belarus və Macarıstan səfirliklərinin nümayəndələri də iştirak ediblər.
Qısa müddətdə tamaşaçıların rəğbətini qazanan belaruslu aktrisa ona yaradılan bu gözəl şəraitə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Akademik Musiqili Teatrın rəhbərliyi başda olmaqla, teatrın bütün yaradıcı kollektivinə dərin minnətdarlığını bildirib. Akademik Musiqili Teatrın möhtəşəm səhnəsində özünü xoşbəxt sayan aktrisa bu səfərini iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün atılan addımlardan biri hesab edib və gələcəkdə də belə qarşılıqlı əlaqələrin davam etdirilməsini arzulayıb. O, Azərbaycana olan hədsiz sevgisini vurğulayaraq qeyd edib ki, öz teatrlarının repertuarında olan Ü.Hacıbəylinin "Arşın mal alan" ("Свадебный базар") operettasında Gülçöhrə obrazını çox böyük sevgi ilə ifa edir.
Qeyd edək ki, "Silva" əsərində dəvət olunmuş aktrisa ilə yanaşı, teatrın rus bölməsinin aktyorları - Əməkdar artistlər - Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Rauf Babayev, Emil Heydərov, Aydan Hesənova, Firus Məmmədov, Nicat Əli, Telnaz Hüseynova, Murad Əliyev, Elməddin Dadaşov və başqaları da iştirak ediblər.