BAKI, 30 sentyabr — Sputnik. Bu gün Milli Məclisin payız sessiyasında ilk plenar iclası başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 20 məsələ daxil edilib.
İlk olaraq Milli Məclisinin 2019-cu il payız sessiyasının qanunvericilik işləri planı təsdiq ediləcək.
"Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanununun ləğvi barədə" Konstitusiya Qanununa ikinci səsvermədə, "Texniki tənzimləmə haqqında" qanun layihəsinə üçüncü oxunuşda baxılacaq.
"Ələt azad iqtisadi zonası haqqında", "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında", "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında", "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.
"Uşaq hüquqları haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında", "Təhsil haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Sosial xidmət haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Peşə təhsili haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.
"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Əmək pensiyaları haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanunlarda, Mülki, İnzibati Xətalar, Cəzaların İcrası, Miqrasiya məcəllələrində dəyişikliklərə baxılacaq.
İclasda "Lombardlar haqqında" qanun layihəsinə ikinci oxunuşda baxılacaq.