BAKI, 29 sentyabr — Sputnik. NASA özünün yeni peyki sayəsində nadir kosmik hadisəni qeydə ala bilib.
Sputnik Azərbaycan CBS NEWS-a istinadən bildirir ki, agentliyin Transiting Exoplanet Survey (TESS) peyki bizim Günəş boyda ulduzu qara dəliyin necə parçalayıb udduğunu müşahidə edib.
Tədqiqatçılar bu hadisə üzrə nəticələri astrofizika jurnalında dərc etdiriblər. Alimlər TESS-ə müraciət etməzdən əvvəl, hələ yanvarda "qabarma məhvi" adlanan prosesi aşkarlamaq üçün ASAS-SN (All-Sky Automated Survey for Supernovae) adı verilmiş 20 robotlaşdırılmış teleskopdan ibarət beynəlxalq şəbəkədən istifadə ediblər.
TESS daimi müşahidə zonalarından istifadə edərək qara dəliyin ulduzu sovurmağa başladığını müşahidə edib və hadisənin öyrənilməsi üçün məlumatları toplamağa başlayıb.
NASA nadir kosmik hadisəni əks etdirən animasiya hazırlayıb.
"TESS-in məlumatları bizə "ASASSN-19bt" adı verilən dağıdıcı hadisənin daha parlaq olduğu dövrü görməyə imkan verdi. İlkin göstəricilər bu işıq partlamalarının fizikasının modelini qurmaqda çox faydalı olacaq", - ABŞ-ın Pasadenadakı Karnegi rəsədxanasının alimi Tomas Holoen deyib.
Qabarma məhvi adlanan hadisələr çox nadir hallarda baş verir, bunların yaranması üçün ulduzlar qara dəliklərə çox yaxınlaşmalıdır. Tədqiqqatçılar deyirlər ki, belə tip kosmik hadisələr Süd yolu boyda qalaktikalarda hər 10 000 - 100 000 ildən bir baş verir. Ancaq kainatda milyardlarla qalaktika oldyğundan alimlər ötən illər ərzində 40-a yaxın qabarma və çəkilməni müşahidə edə biliblər.