İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 29 sentyabr — Sputnik. Son zamanlar şimal-qərb bölgəsinə üz tutan turistlərin sayında bəlli dərəcədə artım müşahidə olunur.
Bu istiqamətə üz tutan qonaqlar əsasən Şamaxı, İsmayıllı, eləcə də Qəbələ rayonlarında olan tarixi məkanları, turizm obyektlərini, təbiətin bizə bəxş etdiyi gözəl və səfalı yerləri görməyi özlərinə borc bilirlər. Turist axını həm iaşə obyektlərinin artmasını labüd edir, həm də təəssüratın daha da bolluğu üçün uzun illər unudulan gözəl məkanları yada salıb, onları səhmana salmağı.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, belə məkanlardan biri də İsmayıllı rayonunun Lahıc qəsəbəsinə aparan yoldakı asma körpüdür. Burada şəkil çəkdirmək, qarşı tərəfə keçərək gözəl mənzərəni seyr etmək, çay havasını udmaq əvəzolunmazdır.
Körpü əslində yaraşıq üçün deyil, sırf sel və daşqınlar zamanı iki kəndi birləşdirmək məqsədilə salınıb. O, Girdman çayı daşarkən Zərnava kəndini ətraf mühitlə birləşdirən yeganə yoldur. Nəinki bölgənin, hətta Azərbaycanın ən dəliqanlı çaylarından sayılan Girdman üzərində 1969-cu ildə salınmış körpü 50 ildir ki, sakinlərin və turistlərin istifadəsindədir.
Yerli sakinlərin sözlərinə görə, körpü bir neçə dəfə yararsız hala gəlib. Sonuncu dəfə 1997-ci ildə dağılıb, bir il sonra isə yerli sakinlərin köməyi ilə Zərnava bələdiyyəsi tərəfindən bərpa olunaraq istifadəyə verilib. Körpünün baxımı və bərpası Zərnava bələdiyyəsinin öhdəliyindədir. İndi bir gündə bu körpüdən üç yüzdən çox adam istifadə etdiyindən ona yük düşür. Bu səbəbdən bələdiyyə baxım üçün xüsusi adam ayırıb. O, həm körpünün durumuna nəzarət edir, həm də ianə toplayır.
Zərnava kənd bələdiyyəsinin sədri Afaq Məhərrəmovanın sözlərinə görə, dəmir konstruksiyaya malik bu körpünün əsas "düşmən"lərindən biri küləkdir. Güclü külək zamanı körpü silkələnir və istər-istəməz müəyyən problemlər yaranır. Onun üçün daimi nəzarət və mütəmadi olaraq bərkitmə işləri aparmaq zəruridir.
Toplanan ianəyə gəlincə, bələdiyyə sədri bildirdi ki, yalnız körpüdən istifadə edən xarici qonaqlardan adam başına 50 qəpik alınır. Yığılan məbləğin bir qismi nəzarətçiyə əmək haqqı kimi verilir, qalanı isə təmir-bərpa və yenidənqurma işləri üçün istifadə olunur. A.Məhərrəmova onu da bildirdi ki, yerli sakinlərdən və yerli turistlərdən heç bir haqq alınmır.