Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 28 sentyabr — Sputnik. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin hər ikisi evə buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
O bildirib ki, yanğın zamanı tüstüdən zəhərlənən 45 yaşlı Qarayev Rövşən Yasin oğlu və 40 yaşlı Quliyev Ramiz Tağı oğlu Mərkəzə gətiriliblər: "Onlarda ciddi zəhərlənmə əlamətləri müşahidə olunmasa belə, yardım göstərmək üçün Mərkəzə gətiriliblər. Xəstələrə tibbi yardım göstərilib, vəziyyətləri normallaşdığından gecə ilə evə buraxılıblar".
İTV-dən də yanğınla bağlı rəsmi açıqlama verilib. Məlumatda bildirilir ki, sentyabrın 27-də gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğının dəqiq səbəbi müəyyənləşdirilir. Ciddi xəsarət alan olmayıb.