BAKI, 27 sentyabr — Sputnik. Türkiyədə bir turizm şirkətinin işçisi azərbaycanlı rəhbərindən intim xarakterli şəkillərinin qarşılığında bir milyon dollar istəyib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə xəbəri Milliyet yayıb.
Şirkətin rəhbəri olan azərbaycanlı N.N. İstanbul şəhər polisinə müraciət edərək öz işçisindən şikayət verib. Məlum olub ki, 5 ildir şirkətində çalışan işçisi onu şantaj etməyə çalışıb.
"İşçim olan Özgür K.-nın xanımının telefonundan mənə zəng gəldi. Xəttin o başındakı adam dedi ki, əgər 1 milyon verməsəm, intim xarakterli şəkillərimi sosial şəbəkələrdə yayacaq, ailəmə, hətta Azərbaycan KİV-lərinə də göndərəcək", - biznesmen polisə deyib.
Polisin keçirdiyi əməliyyat sayəsində şantajda şübhəli bilinən ər-arvad - Özgür K. və Esin K. bir gün sonra Ərzurumda saxlanılıblar. Onlar İstanbula gətiriliblər. Özgür K. dindirilmə zamanı deyib ki, guya azərbaycanlı ona pul borclu imiş və bu yolla pulunu qaytarmağa çalışıb. Polis həmçinin müəyyən edib ki, şantajçıllar pulu alandan sonra Gürcüstana qaçmağı planlaşdırırmışlar.