Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 27 sentyabr — Sputnik. Bu yaxınlarda "Səs Azərbaycan" yarışının iştirakçısı Nərmin Kərimbəyovanın "Verni lyubov" (Sevgini qaytar) klipi ictimaiyyətə təqdim edilib. Tədbirlərdən başı açılmayan müğənni dəvətimizi qəbul edib redaksiyamıza gəldi.
- Nərmin xanım, yeni klipiniz işıq üzü gördü. Klipinizin yaranma ideyası haqda məlumat verərdiniz?
- Mən heç vaxt rus dilində mahnı yazdırmamışdım. Əsasən ingilis və Azərbaycan dillərində mahnılar ifa edirəm. Bəzən türk, ispan, italyan dillərində də olur. Mən rus bölməsində təhsil almışam. Fikirləşdim ki, öz hisslərimi rus dilində tam çatdıra bilərəmsə, niyə də bu dildə mahnı oxumayım. Soz zamanlar rus dilini öyrənən, ona maraq göstərən kütlə artır, Azərbaycanda populyar xarici dil kimi qəbul olunur. Rus dili həm də ifanı məhdudlaşdırmır. Məndə olan rok və xarici boğazları Azərbaycan dilində olan mahnılarda istifadə etmək o qədər də alınmır, sanki mahnılarım kobudlaşır, özümü tam ifadə edə bilmirəm. Bu dəfə isə bacarığımı nümayiş etdirmək üçün rus dilinə müraciət etdim.
Bundan əlavə, hər il ölkəmizdə "Jara" festivalı keçirilir. Örada müxtəlif ölkələrin ifaçıları ilə yanaşı bizim müğənnilər də rus dilində oxuyurlar. Düşünürəm ki, mən də gec-tez o səhnəyə çıxacağam. Dostum Elvinin bir mahnısını eşitdim, xoşuma gəldi və ona dedim ki, mənim üçün də yaz. O da sağ olsun, istəyimi yerinə yetirdi, mahnının musiqisi ona, sözləri isə mənə məxsusdur. Mahnının ərsəyə gəlməsi bir az uzun çəkdi. Ümumiyyətlə, bəxtim belədir, məndən asılı olmayan səbəblərə görə müxtəlif problemlər yaranır. Bu cür hallara öyrəşmişəm. Gec olsa da, əsas odur ki, səviyyəli iş ortaya qoyum. İndi qiymət verilməsə də, inanıram ki, zamanı çatanda öz qiymətini alacaq.
- Klipiniz necə qarşılandı?
- Gözlədiyimdən daha müsbət. Daha çox tənqid gözləyirdim. Real izləyicilərimin hamısı bəyəndi.
- 10 il hüquq sahəsində çalışsanız da, sonra bu sahəni atıb musiqiyə üstünlük vermisiniz. Səbəb?
- Bəli, 10 il beynəlxalq təşkilatlarda hüquqşünas kimi fəaliyyət göstərmişəm. Bu illər ərzində biz ixtisasartırma ilə məşğul olmuşuq. Hüquqşünaslar üçün təmənnasız təlimlər keçmişik. Beş il ərzində beş minə yaxın hüquqşünas mənim təlimlərimdən yararlanıb. Şou-biznes isə hüquq sahəsindən daha qəliz yerdir. Hüquqşünas olmaq qat-qat asandır, ən azından əsəblərin yerində olur. Mən uşaqlıqdan mahnı ifa etmişəm, yaradıcı insanam. Amma atam həmişə deyirdi ki, ailəmizdə hamı alim, professor, akademikdir, sən oxuyub nə edəcəksən? Düzü bu yanaşma məni ruhdan salırdı. Ona görə də hüquq sahəsini seçdim. Bir məqamda da hüquqdan bezdim. Beləcə, gəldim "Səs Azərbaycan" yarışına.
- Ötən il "Avroviziya" yarışının seçim turlarına da qatılmışdınız...
- Təvazökarlıqdan uzaq olsa da, elə hesab edirdim ki, mən hamıdan yaxşıyam. Buna əsasım da var idi. Hamıdan fərqli olaraq, ingilis dilim səlis, nitqim və ifam dəqiq idi.
- Bəs nə oldu?
- Nə oldusa, Azərbaycansayağı oldu. Çingizə (“Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Çingiz Mustafayev-red.) qarşı deyiləm. Mən qatıldığım mərhələdə onu görmədim. İndidən sonar dəvət etsələr, bəlkə də ölkəni o yarışda təmsil edərəm. Amma seçimlərə qatılmayacam. Çünki orada çox qeyri-sağlam ab-hava var idi. Plastika, ifa, hər şey yerində olduğu təqdirdə heç dördlüyə də düşmədim. Çünki qərarları bir-iki nəfər qəbul edir. Kimin şəxsi dostluğu varsa, o da keçir. Çox istəyərdim ki, “Avroviziyada” ölkəni mən təmsil edim. Mən həm buna layiq idim, həm də tam hazır idim.
- Bəlkə ölkə xaricində özünüzü sınayasınız. Misal üçün "Rusiyanın səsi" (Qolos /The Voice Russia) və ya "O səs Türkiyə" kimi böyük auditoriyalarda…
- Eşitmişəm ki, Rusiyadakı “Səs” yarışına qatılmaq çox çətin məsələdir. Əsas məsələ rəsmi olmasa da qeydiyyatın olmasıdır. Türkiyədəki yarışa isə ola bilsin, qatılım. Məqsədim özümü təsdiq etmək yox, ölkəni təmsil etməkdir. Mənimlə eyni vaxtda "Səs Azərbaycan" yarışına qatılan şəxslər yarış bitən kimi dərhal başqa yerlərə, başqa ölkələrdəki müsabiqələrə getdilər. Kimdəsə nisbətən alındı, kimdəsə heç alınmadı. Nəticə olaraq ortada heç kim yoxdur. Layihədən sonra heç kimə lazım olmayan şəxs kimi özünü hiss edirsən. Nə qədər çətin olsa da, mən qalmağa üstünlük verdim. Baxmayaraq ki, Azərbaycanda estrada ölüb, tam çöküb, mən fəaliyyətimi davam etdirmək fikrimdən dönmədim. 2016-cı ildə bu sahədə dinləməyə heç nə yox idi. Beləcə, mənim yaratmaq istəyim bu sahədə qalmağıma səbəb oldu.
- Sizi daha çox Azərbaycan televiziyasında görürük…
- Qatıldığım layihə həmin kanalda idi. Sağ olsunlar ki, diqqət göstərməyə davam etdilər. Sonra özümü sübut etdim və kanal məni indi də efirlərinə çağırır. Bu məsələdə mənim dəqiqliyim, şəxsiyyətim və təbii ki, ifam əsas rol oynadı.
- Amma deyəsən digər televiziyalarla aranız soyuqdur…
- Bir o qədər də aram yoxdur. “İctimai” TV-dən və "Lider" televiziyasından çox dəvət edirlər. Yerdə qalanlar isə maraq göstərmirlər. Fikirləşirəm ki, estradamız üçün bu qədər çalışıram və təklif də onlardan olmalıdır. Onları maraqlandırmalıdır. Dəvət olarsa, məmuniyyətlə dəyərləndirərəm.
- Yeni layihələr barədə danışaq. Dinləyicilərinizi yaxın perspektivdə nə gözləyir?
- Bir klip artıq yoldadır, “Atəş” mahnısına çəkilib. Nə vaxt işıq üzü görəcəyini dəqiq bilmirəm. Özüm də səbrsizliklə gözləyirəm. Digər klip isə "Hardan başlar vətən" adlı 4 solistin ifa etdiyi mahnıdır. Yayda lentə alınıb. Hər iki mahnıya klip Dövlət Sərhəd Xidmətinin sifarişi ilə çəkilir. Bilirsiniz ki, mən oranın solistiyəm, həm də baş leytenantı.
- Sənətə yeni gələnlər iki istiqamətdə addım atır: Bir retro mahnılara üstünlük verir, bir də tanınmış müğənnilərlə duet oxuyur. Demək olar, sənətə gələnlərin əksəriyyətinin Flora Kərimova ilə mahnısı var. Siz də bu ənənəni təkrarlamaq niyyətindəsiz?
- Retro mahnılar mənim repertuarımda da var. Konsertlərə dəvət alanda, əksər hallarda ifa edirəm. Mənə görə bu addımı atmaq tanınmaq üsulu deyil. Yeni ifaçı yeni mahnı yaratmalıdır. Məhz buna görə də çalışıram yeni mahnılar ifa edim. Duet məsələsinə gəlincə, gərək həmin mahnıda özümü görəm. Özümü fonda yox əsas görürəm. Mahnı gərək mənim xarakterimi göstərsin. Mənim üçün əsas kimin duet ortağı olması yox, mahnının gözəl olmasıdır.
- Nərmin xanım, kimləri dinləyirsiniz?
- Ölkəmizin müğənniləri ilə də maraqlanıram. Misal üçün Sevda Ələkbərzadənin yaradıcılığını izləyirəm. Onun son illər köhnə mahnıları remiks etməsi maraqlı alınır. Həmçinin Elnur Hüseynovu. Dünyada isə çalışıram trendləri izləyim.