Avropa çempionu nə hiss edir?

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidKriştianu Ronaldu
Kriştianu Ronaldu - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa çempionatının finallarında oynamaq və qələbə qazanmaq - bunu milyonlarla insan arzulayır, lakin yalnız 187 futbolçu bu xoşbəxtliyə nail olub.

Ötən illərin qəhrəmanlarının "Köhnə Qitə"nin çempionatındakı qələbələri haqqında xatirələrini məqaləmizdə oxuya bilərsiniz. 

PİONER: Viktor Ponedelnik (SSRİ, 1960-cı il)

Birinci Avropa çempionatının finalında əlavə edilmiş vaxtda vurulan qolun müəllifi

Həmin finalı həmişə məmnuniyyətlə xatırlayıram. Yuqoslaviya millisini məğlub edərək tarixdə ilk Avropa çempionu olduq. Əminəm ki, bu cür şanlı anları heç kəs unutmur: nə azarkeşlər, nə də futbolçular. 113-cü dəqiqədəki həmin qol mənim karyeramda ən vacib qol olub. Klub və milli komanda üçün çox qol vurmuşam, amma bəzi matçlar və qollar ümumi fonda fərqlənir, çünki bunlar oyunçunun karyerasında bir zirvəsidir. Bu mənim həyatımın əlamətdar bir anı idi.

DOĞMA DİVARLARIN QƏHRƏMANI: Luis Suarez (İspaniya, 1964-cü il)

Finalda SSRİ-ni məğlub etmiş İspaniya millisinin yarımmüdafiəsinin lideri

Əsas yaddaqalan ağzınadək dolu “Santyaqo Bernabeu”dakı möhtəşəm atmosfer idi. Azarkeşlər bizimlə bir idi. Gənc komandaların səhv etməsi normal bir haldır. Lakin səhvlərimizə baxmayaraq bizə hərarətli dəstək göstərilirdi. Əla oyunumuz da yadda qalan oldu, çünki o vaxt SSRİ-nin çox güclü komandası var idi. Qələbəyə layiq idik. Mənim oynadığım dövrdə İspaniya millisi daha da güclü heyət yığa bilib, amma bu komandalardan heç biri bu nailiyyəti təkrarlaya bilməyib.

RİSK EDƏN OĞLAN: Antonin Panenka (Çexoslovakiya, 1976-cı il)

Almaniya Federativ Respublikası ilə finalın penalti seriyasında həlledici zərbənin müəllifi

Məşqlərdən sonra qapıçı ilə qalıb bir şokolad plitkası və ya bir stəkan pivədən mərc gələrək onun qapısına penalti vurmağa çalışırdım. O, çox yaxşı qolkiper idi və bu əyləncə mənə ucuz başa gəlmirdi. Bəzən yatmazdan əvvəl uduzduğum pulların əvəzini çıxmaq üçün onu necə dəf edəcəyimi düşünürdüm. Sonra isə ağlıma zərbəni bir qədər uzatmaq və topu mərkəzdən vurmaq fikri gəldi. Küncə tullanan qapıçının belə bir vəziyyətdə topu tutmaq şansı sadəcə olmayacaq. Bunu getdikcə sınamağa və tətbiq etməyə başladım. Nəticədə mərcləri daha tez-tez qazanmağa başladım. Sonra isə bu üsulu yoldaşlıq görüşlərində, kiçik turnirlərdə istifadə etməyə başladım. Ustalığımı təkmilləşdirərək nəticədə ən vacib görüşlərdə belə penaltiləri bu üsulla vururdum. Sonra isə Avropa çempionatında da belə bir qol vurdum.

SİRLİ OYUNÇU: Horst Hrubeş (Almaniya Federativ Respublikası, 1980-cı il)

Heyətə son anda qatılıb və finalda dubl edib

Turnirdə 3 görüş keçirmişdim və bir dənə də olsun qol vurmamışdım. Buna görə də baş məşqçimiz Yupp Derval məni heyətə qatmasaydı, onu başa düşərdim. Ancaq indi onun düzgün seçim etdiyini söyləyə bilərəm. Hesabı açdım, amma fasilədən sonra belçikalılar yaxşı oyun göstərdilər və 75-ci dəqiqədə hesab bərabərləşdi. Əlavə olunmuş vaxtda isə qalib gəlməyə də bilərdik, gücümüz qalmamışdı. O gün hava çox isti idi. Elə yorğun idim ki, hətta kuboku qaldırmaq mənə çətin idi. Karl-Hayns Rummeniggenin künc ötürməsindən sonra 2-ci qolum həlledici oldu.

SEHRBAZ: Marko van Basten (Niderland, 1988-ci il)

1988-ci il Avropa çempionatının finalı. Matçın 54-cü dəqiqəsində “narıncılar”ın hücumçusu çox gözəl qol vurur

Top Arnold Murendən mənə tərəf yönələndə düşündüm ki, onu qəbul edib ya bütün bu müdafiəçiləri aldatmaq, ya da sadəcə risk edib zərbə endirmək olar. Belə edərkən şansa ehtiyacınız var. O an təbii ki, bəxtim gətirdi. Bu fantastik bir hiss idi. Həmin an hesabı 2:0-a çatdıraraq, matçda qalib gələ biləcəyimizi başa düşdük. Qola gəldikdə isə, baş verənlərin tam fərqinə varmadım. Bu, mənim reaksiyasımdan da aydın idi. Elə bil sual verirdim ki: “Nə baş verdi?"

COKER: David Trezege (Fransa, 2000-ci il)

Finalda İtaliya ilə oyunda Fransa millisinin qol vuran əvəzedicilərindən biri

Silven Viltor 94-cü dəqiqədə hesabı bərabərləşdirəndən sonra qələbə istəyimiz daha da artdı və biz də fürsətdən istifadə etdik. Hər şey Rober Piresin keçidi ilə başladı. Onun ötürməsini zərbəyə çevirmək asan deyildi, amma top aşağı enərkən onu ​​vura bildim. Bütün gücümü bu zərbəyə yönəltdim. Mənim üçün bu çətin bir turnir idi, meydanda daha çox vaxt keçirməyə ümid edirdim. Əvvəlcə komanda yoldaşlarım üçün, sonra ailəm üçün və nəhayət özüm üçün sevindirdim. Xəyalımızı reallaşdırdıq, dünya və Avropa çempionu olduq.

AUTSAYDER: Teodoros Zaqorakis (Yunanıstan, 2004-cü il)

Turnirdən əvvəl çempionluq şansları yüzdə bir olan komandanın kapitanı

Qol buraxdıqdan sonra portuqaliyalılar 11 nəfər olaraq müdafiə etdiyimiz qapımıza qol vura bilmirdilər. Heyətdə yer verilmiş hər bir kəs dəridən-qabıqdan çıxmağa hazır idi. Yorulmaq əvəzinə, iki dəfə fəal oynayırdıq. Yunanıstan millisi digər komandalardan daha çox Avropa çempionu olmaq istəyirdi. Xüsusilə son dəqiqələrdə qapımıza ciddi təzyiqlər oldu. Ancaq biz vahiməyə düşmədik və geri çəkilmədik. Son fit səslənəndə elə bir hər yerdə işıq sönmüşdü. Bəzi anları xatırlamıram. Yadımdadır ki, çox uzun müddət axmaq bir təbəssüm üzümü tərk etmirdi. İnanılmaz bir hiss idi.

ÜSLUBLU OYUN: Xavi Hernandez (İspaniya, 2008-ci il)

İspaniya millisinin qızıl nəslinə xas kombinasiya futbolunu təcəssüm etdirən yarımmüdafiəçi

2008-ci ildə həqiqətən də möhtəşəm futbol nümayiş etdirdik. Mən təkcə hücum oyunundan deyil, ümumilikdə meydanda tapşırıqları necə yerinə yetirməyimizdən danışıram. Çempion olmaq üçün əfsanəvi ispan qəzəbini köməyə çağırmaq lazım olmadı. Tək toxunuşlu oyunun və istedadlı oyunçuların sayəsində qalib gəldik. Luis (Araqones) “Kroyffun üslubunda” futbolu sevirdi...

İKİQAT ÇEMPİON: Andres İniesta (İspaniya, 2012-ci il)

İspaniya millisi ilə ardıcıl iki dəfə AVRO-nu qazanmış yarımmüdafiəçi

İtaliyalılarla finalda (4:0) turnir ərzində ən ideal vəziyyətə yaxın idik. Bəlkə də belə bir xoş xatirə buraxacaq finala ehtiyac duyurduq. İtaliya millisinə qarşı oynamaq bəzən göründüyü qədər asan deyildi. AVRO-dan inanılmaz əhval-ruhiyyədə qayıtdım. Heç vaxt belə xoşbəxt olmamışdım. Təəssüratlar sadəcə gözəl idi.

TEXNİKİ ZONANIN LİDERİ: Kriştianu Ronaldu (Portuqaliya, 2016-cı il)

Forvard zədəli olsa da, texniki zonadan komandasını aktiv şəkildə dəstəkləyirdi

AVRO-2004-ün finalında məğlubiyyətdən bəri tanrıdan mənə daha bir şans verməsini istəyirdim. Təəssüf ki, əvvəldən bəxtim gətirmədi - ilk dəqiqələrdə zədələndim. Lakin lap əvvəldən özümüzə inanırdıq. Çətin vaxtlarımız olub, amma mən həmişə deyirdim: pis başlamaq, lakin yaxşı bitirmək daha yaxşıdır.

Qeyd: 187 oyunçu arasında 1968-ci il Avropa çempionatının ilk və son ikioyunluq final matçında iştirak etmiş 5 italiyalı yoxdur.

Xəbər lenti
0