İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 26 sentyabr — Sputnik. Su həyat mənbəyidir. Bunun üçün o, təmiz halda qəbul edilməlidir. Məhz bu səbəbdən tarix boyu insanlar suyu təmizləyən qurğular yaratmağa çalışıblar. Bu icadlardan ən qədimi və effektivliyini qoruyub saxlayanlardan biri də ölkəmizdə kustar üsulla hazırlanan su daşlarıdır.
Söhbət xüsusi daşlardan hazırlanan su qablarından gedir. Bu daşlar suyu süzüb saflaşdıraraq təmizləyir və içməli hala salır. İnsanların sağlamlığı üçün düşünülən bu qablar xüsusi ustalar tərəfindən hazırlanır. Qazax rayonunda yaşayan Qaracayevlər ailəsinin üzvləri kimi.
Bu ailənin çörəyi sözün əsl mənasında daşdan çıxır. Ailə başçısı Musa Qaracayev uzun illərdir ki, bu peşəni oğlu Zaurla birgə yaşadır. Ata və oğul birlikdə qaya parçalarından su süzən daş qablar düzəldirlər. Daşlar yonulub lazımi hala salınır, istənilən forma və ölçü verilir. Daha sonra isə istifadəyə hazır vəziyyətə gətirilir. Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində Musa Qaracayev bu peşəyə gənc yaşlarında keçirdiyi xəstəlikdən sonra yiyələndiyini danışıb.
“Uzun müddət böyrək ağrılarından əziyyət çəkmişəm. Getmədiyim sanatoriya qalmamışdı. Nə qədər müalicə alsam da, xeyri olmadı. Tbilisidə sanatoriyada olanda orada Kurqanidze soyadlı həkim vardı. Mənə məsləhət gördü ki, su daşı tapım və onun suyundan istifadə edim. Ondan sonra məndə bu daşlara maraq yarandı. Özüm xeyrini gördükdən sonra daha çox insana çatdırmaq üçün istehsalı ilə məşğul olmağa başladım”, - M.Qaracayev deyir.
Daş ağır olduğundan və sırf əl əməyindən istifadə edildiyindən bu peşə böyük zəhmət tələb edir. Bu səbəbdən də atasının sənətini hazırda oğlu Zaur Qaracayev davam etdirir. Kiçik yaşlarından bu peşənin sirlərinə sahiblənən Z.Qaracayev onun faydalarını önə çəkir: “Daşdan süzülən su insanın sağlamlığına çox xeyirdir. Böyrəyi, öd kisəsini təmizləyir. Nə qədər bulanıq su töksən, göz yaşı kimi təmiz su süzülür. Çaydanda ərp, gəc yaratmır. Əksinə, onları qoparır”.
Daşları qayalardan qopardıqdan sonra usta onu evindəki emalatxanasında hamarlayıb lazımi hala gətirir. Su daşlarının rənginin müxtəlif olmasını isə sənətkar xammalların müxtəlif kəndlərdəki dağ və qaya parçalarından əldə edilməsilə izah edir.
“Daşın hansı rəngdə olmasının fərqi yoxdur. Əsas odur ki, keçə daş olsun. Belə daşdan çıxan su həm sərin, həm də təmiz olur. Daşın məsamələri əhəmiyyətlidir. Xırda məsaməli daşlar suyu daha keyfiyyətli süzür. Ona görə yaxşı daş hazırlamaq üçün yaxşı xammal axtarıb tapmalısan”, - deyə Musa Qaracayev əlavə edir.
Daş ustaları bir su daşının 1-3 gün müddətində ərsəyə gəldiyini deyirlər. Hər daşın su tutumu sifarişə əsasən müəyyənləşdirilir və qiyməti də elə su tutumuna görə qoyulur.
“Ən kiçik su qabı 5 litr olur, böyükləri isə 25-30 litr su tutur. Qiymətlər 50 - 300 manat arasında dəyişir. Daşları istifadə edərkən onun sadəcə təmiz saxlanmasına diqqət yetirmək kifayət edir. Çünki filtr rolu oynayan daşın içərisində suyun çirkli hissəsi qalır və bu da vaxtında təmizlənməlidir”, - deyə M.Qaracayev izah edir.
Qaracayevlər ailəsi su daşlarının satışında çətinlik yaşamırlar. Məhsullarının əsasən ölkə paytaxtında satıldığını deyən ustalar bəzən Gürcüstan və İrandan da sifariş qəbul etdiklərini söyləyirlər.