BAKI, 25 sentyabr — Sputnik. Müğənni İradə İbrahimova həbsdə olan həmkarı Fədayə Laçının azad edilməsi barədə aparıcı Mirşahin Ağayevin fikirlərini öz "Instagram" hesabında paylaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, onun paylaşımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri ifaçını tənqid edərək, Fədayə Laçının digər məhbuslardan heç bir fərqinin olmadığını, bu səbəblə də əfv edilməsinin düzgün olmadığını qeyd ediblər.
İradə İbrahimova isə öz növbəsində həmin şəxslərə belə cavab verib: "Mən siyasət nədir bilmədim, siyasətçi biri də olmadım. Ruhum əl vermədi. Amma insan olmağı bilirəm, onurğa bilirəm, şəxsiyyəti bilirəm. Bu həyatda onurğa nə qədər çox önəmli bir şeydir?! Gəmini tərk edənlər, edib-etməmək arasında qalanlar, tədbir görmək lazımdır deyənlər... və s. Hər kəs özünün aynasıdır. Nə görürsə, ondan ibarətdir. Paylaşdığım videoya görə qınayanlara isə bu, sizlərin kiçik imtahanınız olsun və inşallah bununla keçib getsin. Allah ölkəmizə zərər verməsin. Başqa heç bir şey istəmirəm. Sağlıq olsun, hüzur olsun, bir də Allah olsun. Gerisi boş. Mənası çox dərin bir sözlə bitirmək istəyirəm: “Bacarıq nədir bilirsən? Daşa baxdığı halda gözlərin çiçək görməyidir".
Qeyd edək ki, ötən il dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın 5 il müddətinə azadlıqdan məhrum edilib.