BAKI, 24 sentyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan martın 15-ni islamofobiyaya qarşı beynəlxalq həmrəylik günü elan etmək təklifini irəli sürüb.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Türkiyə Prezidenti bu tarixi Yeni Zelandiyadakı Kraystçerçdə baş verən terror aktı ilə əlaqələndirib.
Martın 15-də Kraystçerçin (Yeni Zelandiya, Cənub adası) iki məscidində atışma baş vermiş, nəticədə 50 insan ölmüş, 50 nəfər yaralanmışdı. Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern hadisəni terror aktı kimi dəyərləndirmişdi.
"Ksenofobiya və islamofobiya - bütün dünya üçün ən böyük təhlükələrdəndir... Ksenofob əhvalı qızışdıran populist siyasətçilər özlərinə xal qazanmağa çalışırlar. Kraystçerç məscidlərinə hücumların edildiyi 15 mart tarixini ksenofobiya və islamofobiyaya qarşı beynəlxalq həmrəylik günü elan etməyi təklif edirəm", - Ərdoğan deyib.
O əlavə edib ki, xristianlara edilən hücumlar da Yeni Zelandiyadakı terror aktları kimi cinayətdir.