BAKI, 23 sentyabr — Sputnik. Sabunçu rayonunun Bilgəh qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qəsəbənin 28 May küçəsində bıçaqla qətlə yetirilmiş Zakir Abbasovun meyiti aşkar edilib.
Hadisənin baş verdiyi ərazidən bir qədər kənarda isə elektrik transformatorunun içindən başqa bir meyit aşkar edilib. Araşdırmalar nəticəsində meyitin psixi xəstə, 62 yaşlı Sərvər Rzayevə aid olduğu müəyyən edilib.
Məlumata görə, S. Rzayev öz qohumunu bıçaqla qətlə yetirdikdən sonra transformatora girib, elektrik xəttinə toxunaraq intihar edib. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.