Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 23 sentyabr — Sputnik. Dünya şöhrətli rusiyalı skripkaçı, Pyotr Çaykovski adına XVI Beynəlxalq Musiqi Müsabiqəsinin qalibi Sergey Doqadin dəfələrlə Azərbaycanda olub və Bakı səhnəsində çıxış edib. Musiqiçi hətta azərbaycanlı bəstəkarların yaradıcılığı ilə də tanışdır və Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, bu bəstələrdən birini öz repertuarına əlavə edəcək.
Skripkaçının Bakıya gəlməsinin səbəbi Üzeyir Hacıbəyov adına XI Beynəlxalq Musiqi Festivalında iştirak etməkdir. Doqadin həmçinin Azərbaycanda olan gənc həmkarlarına master-klass keçmək qərarına gəlib və bunu Beynəlxalq Muğam Mərkəzində həyata keçirib. Onun master-klassında ölkənin müxtəlif musiqi təsisatlarından ən yaxşı musiqiçilər iştirak edib. O, hər bir musiqiçini ayrı-ayrılıqda dinləyib, iradlarını bildirib və onların gələcəkdə peşəkar musiqiçi olmaları üçün öz məsləhətlərini verib. Master-klassda öz şagirdlərini dəstəkləmək məqsədilə gələn Azərbaycanın məşhur skripkaçıları da iştirak edib. Musiqiçi Sputnik Azərbaycan-a müsahibəsi zamanı özü, Azərbaycanla münasibətləri və keçdiyi master-klassla bağlı təəssüratlarını bölüşüb.
- Sergey, sizi yenidən Bakıda görməyimizə şadıq.
- Mən də çox şadam. Son beş ildə dəfələrlə Bakıda olmuşam. Bura gəlməyimə həmişə şadam. Bakı möhtəşəm şəhərdir. Mən burada həmişə həm mənəvi, həm də fiziki cəhətdən dincəlirəm. Sizin mətbəxiniz çox xoşuma gəlir. Hər şey o qədər ləzzətlidir ki, adam özünü yeməkdən saxlaya bilmir. Bundan başqa sizin çox yaxşı, mehriban və əliaçıq insanlarınız var.
Üzeyir Hacıbəyovun adını daşıyan bu möhtəşəm festivala dəvət etdiklərinə görə təşkilatçılara minnətdaram. Mən bu tədbirdə ilk dəfədir iştirak edirəm. Burada çox görkəmli musiqiçilər iştirak edib və mən onların hamısı ilə dostluq edirəm. Onların hər biri öz çapında peşəkardırlar. Düşünürəm ki, azərbaycanlı publika sadəcə onların çıxışından zövq alacaq. Təəssüf ki, mən onların hamısının konsertində iştirak edə bilmirəm, çünki Bakıya cəmi iki günlüyə gəlmişəm. İlin sonuna qədər 46 ölkədə konsertim planlaşdırılıb. Hətta gərgin iş qrafikim səbəbindən demək olar ki, Vyanadakı evimdə heç olmuram.
- Hal-hazırda Vyanada yaşayırsız?
- Bəli, artıq üç ildir Vyanada yaşayıram, amma tez-tez Rusiyaya getməyə çalışıram. Moskvada, doğma Sankt-Peterburqda, eləcə də Rusiyanın digər şəhərlərində konsert proqramları ilə çıxış edirəm.
- Siz dəfələrlə Bakıda olmusuz və yəqin ki, Azərbaycan musiqisi ilə yaxşı tanışsız...
- Bəli, mən azərbaycanlı bəstəkarların bir çox bəstələrini bilirəm. Təəssüf ki, konsertlərimin sayının çox olması səbəbindən mənim yeni nəsə öyrənməyə çox az vaxtım qalır. Bu il birmənalı olaraq yeni nə isə ifa etmək imkanım yoxdur, amma söz verirəm ki, gələn il Bakıya növbəti səfərlərimin birində hansısa bəstələrdən birini götürəcəyəm və onu azərbaycanlılar üçün ifa edəcəyəm.
- Siz master-klass zamanı Azərbaycandan olan gənc həmkarlarınızın peşəkarlığını necə qiymətləndirdiz?
- Uşaqların hamısı qiyamət idi. Düşünürəm ki, onlar da mənim kimi bu master-klassdan zövq aldılar. Biz detallı və səmərəli işləməyə çalışdıq. Çox istəyərdim ki, sizin uşaqlarda yaxşı təəssüratlar qalsın və onların biliklərinə nə isə əlavə edilmiş olsun.
Son iki və ya üç ildə mən tez-tez master-klasslar keçirəm. Cənubi Koreyada, Nyu-Yorkda, Latviyada, Rusiyada və digər ölkələrdə master-klasslarım olub. Mənim dərs deməyə vaxtım yoxdur, buna görə də master-klasslar gənc həmkarlarımla əlaqə saxlamaq üçün yeganə imkandır.
- Azərbaycanlı musiqiçilərlə əlaqə saxlayırsız?
- Mənim Azərbaycanda çoxlu dostlarım var - Mustafa Mehmandarov, Fuad İbrahimov və digərləri. Dostlarımın çoxu əsasən xaricdə yaşayan azərbaycanlı musiqiçilərdir. Biz onlarla konsertlərdə tez-tez görüşürük.
- Siz bir çox beynəlxalq müsabiqələrdə iştirak etmisiz, amma artıq müsabiqələrlə bağlı fəaliyyətinizi dayandırmısız. Niyə?
- Həqiqətən də böyük karyera qurmaq istəyən hər bir musiqiçinin həyatında müsabiqələr olmalıdır. Əlbəttə, deyə bilmərəm ki, bu müsabiqələrə böyük məhəbbətlə yanaşıram. Müasir böyük müsabiqələr musiqiçilər üçün böyük sınaqdır, psixoloji cəhətdən çox ağırdır. Üç-dörd tur, başını qaldırmağa macal olmayan nəhəng proqramlar, orkestrlə olan bir neçə konsert, final turları - bütün bunlar həqiqətən də çox ağırdır. Çox az musiqiçi ciddi hazırlaşaraq nüfuzlu bir yarışmaya gedə bilər.
Elə gətirib ki, mənim müsabiqə fəaliyyətim kifayət qədər uğurlu olub. Mən Çaykovski adına Beynəlxalq Musiqi Festivalında qələbə qazandıqdan sonra müsabiqələrdə iştirakı dayandırmışam. Bu mükafatı qazanmaq hər bir skripkaçının arzusudur, çünki bu, bizim skripkaçılar dünyasında ən nüfuzlu mükafatdır. Düşünürəm ki, ondan sonra hansısa müsabiqədə iştirak etmək axmaqlıqdır və düzgün deyil.
- Hər bir musiqiçi həm də öz musiqi aləti ilə məşhurdur. Sizin skripkanız hansı cəhəti ilə unikaldır?
- Mən hal-hazırda simli musiqi alətləri ustası olan italyan Domeniki Montanyana tərəfindən hazırlanan skripkada ifa edirəm. Bu skripka mənə 2020-ci ilin sonuna qədər ifa etmək üçün verilib. Bundan sonra nə isə başqa alət axtarmalı olacağam.
- Gənc həmkarlarınıza nə məsləhət görərdiz?
- Daha çox başla düşünməyi, vaxtı məşğələlərə xərcləməyi və saatlarla əldə musiqi aləti ilə dayanmağı.
Qeyd edək ki, Sergey Doqadinin məşhur qələbələri sırasında İoaxim adına IX Beynəlxalq Skripka müsabiqəsi və Sinqapur Beynəlxalq musabiqəsi kimi nüfuzlu musiqi müsabiqələri də var. O, eyni zamanda Temirxanov və Petrov mükafatları, Sankt-Peterbuq Qubernatorunun gənclər mükafatı, Rusiya Prezidentinin mükafatı və digər nüfuzlu mükafatların laureatıdır. Musiqiçinin bir çox çıxışları nəhəng dünya radio və teleşirkətləri tərəfindən transliyasiya edilib. O, dünyaca məşhur orkestrlərlə birlikdə dünyanın ən yaxşı zallarında skripkada çalıb, görkəmli dirijorlarla əməkdaşlıq edib.