Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 23 sentyabr — Sputnik. 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1.7 səviyyəsində olması proqnozlaşdırılır. Sputnik Azərbaycan xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyinin Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında yer alır.
"Tədiyyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək", - sənəddə deyilir.
Manatın məzənnəsi ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, manatın stabilliyinə heç bir ciddi təhlükə yoxdur: "Maliyyə Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirdiyi siyasətlə tam şəkildə manatın stabilliyini təmin etməlidir. Tam üzən məzənnəyə keçid məsələsi reallıqdan uzaqdır, o, Azərbaycan iqtisadiyyatı üçün və bütövlükdə milli iqtisadiyyat, hər hansı bir iqtisadi sistem üçün zərərlidir. Valyutanın sabitliyi mütləq şəkildə qorunmalıdır".
O bildirib ki, xarici ticarət saldosu, tədiyyə balansı manatın məzənnəsinə əsas təsir göstərə biləcək fundamental məsələlərdir: "Xarici ticarətdə, tədiyyə balansında kifayət qədər müsbət göstəricilər var. Ölkəyə daxil olan valyutanın həcmi ölkədən çıxan valyutanın həcmini xeyli dərəcədə üstələyir. Daxil olan valyutanın xeyli dərəcədə xaric olan valyutadan çox olması onu deməyə əsas verir ki, manat üçün fundamental təhlükə yoxdur".
"Valyutanın məzənnəsi ilə bağlı qeyri-sabitlik, problem olarsa, bunlar fundamental iqtisadi amillərlə bağlı deyil, makroiqtisadi idarəetmədə boşluqların əmələ gəlməsi ilə bağlı ola bilər. Necə ki, biz 2015-ci ildə bunun şahidi olduq", - deyə ekspert qeyd edib.
O bildirib ki, neftin qiymətinin Azərbaycanda baş verən iqtisadi proseslərə, o cümlədən məzənnə siyasətinə ciddi təsiri var: "Amma unutmayaq ki, Azərbaycanın çox böyük həcmdə qızıl-valyuta ehtiyatları var. Eyni zamanda Azərbaycanda mövcud olan pul bazası az qala 5 dəfə qızıl-valyuta ehtiyatlarımızdan azdır. Belə olan halda valyutanın sabitliyinə, dayanıqlığına hansısa ciddi təhlükədən danışmaq gülüncdür. Bu təhlükə ancaq iqtisadi idarəetmə ilə bağlı problemlər, zəifliklər, boşluqlar olarsa, yarana bilər".
"Əgər neft qiyməti uzun müddət kəskin şəkildə aşağı, yəni 40 dollardan aşağı olarsa, bu, müəyyən müddətdən sonra hansısa problemlər yarada bilər. Amma ən azından, 2020-ci ildə bu, qeyri-mümkündür", - deyə ekspert əlavə edib.