BAKI, 23 sentyabr — Sputnik. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Yəməndə husi üsyançılarının raketlərin uçuş radiusunu artırdığını və nəticədə Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbələr endirdiyini bəyan edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Zərif ABŞ-ın "CBS" telekanalına müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, üsyançılara silah ölkənin sabiq prezidenti Əli Abdulla Salehdən qalıb. O qeyd edib ki, sabiq prezident bu silahları Səudiyyə Ərəbistanı pulları hesabına alıb.
Zərif deyib ki, hazırda husilərdə mövcud silahları təkmilləşdirmək üçün texnologiyalar var.
İran XİN rəhbəri eyni zamanda vurğulayıb ki, Ər-Riyad Tehranın hücumlarda əlinin olması ilə bağlı heç bir sübut təqdim etməyib.
Sentyabrın 14-də Səudiyyə Ərəbistanının Əbqaik və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının söndürüldüyünü açıqlayıb.
Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda, neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin metan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.