Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 23 sentyabr — Sputnik. Bal yarmarkasına satış üçün gətirilən ballar arasında keyfiyyət göstəriciləri aşağı olan məhsullar aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-ın rəsmi sorğusuna verilən cavabda bildirilir. Məlumatda qeyd edilir ki, nümunələrin götürülməsinə 14 sentyabr tarixində başlanılıb və bu günədək 1795 bal nümunəsi götürülüb, onlardan 1395-nin müayinəsi aparılıb:
"395 bal nümunəsindən 25-nin keyfiyyətinin aşağı olduğu müəyyən olunub, digər 1000 nümunənin nəticələri sınaq protokolları tərtib olunandan sonra açıqlanacaq. Yarmarkada yalnız təhlükəsizlik və keyfiyyət göstəriciləri normalara uyğun olan məhsulların satışına icazə veriləcək".
Agentlikdən bildirilir ki, Bal yarmarkasında satışa çıxarılacaq bal məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin yoxlanılması prosesi davam edir.
Qeyd edək ki, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir.