CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ümid reallığa çevrilir – Kabus daha qayıtmayacaq

© Sputnik / Irade JELILZabrat-Məhəmmədi gölü
Zabrat-Məhəmmədi gölü - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Cəbrayıllı bildirib ki, artıq Zabrat qəsəbəsində yeni layihənin icrasına başlanılıb. Yeni yaradılan infrastruktur istismara veriləndən sonra yağış sularının yığılma təhlükəsi aradan qaldırılacaq

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Zabrat-Kürdəxanı yolunun kənarında Zabrat gölü uzun müddət idi ki, kənd sakinlərinin kabusuna çevrilmişdi. Havalar bir balaca soyuyub, yağıntılar başlayan kimi göl də daşıb evlərə dolurdu. Sakinlər evlərindəki suyu vedrələrlə daşımaqdan cana doymuşdular.

Daşan göl eyni zamanda asfalt yola çıxır, hərəkətin intensivliyinə də problem yaradırdı.

© Sputnik / Irade JELILZabrat-Kürdəxanı yolunun kənarında Zabrat gölü
Ümid reallığa çevrilir – Kabus daha qayıtmayacaq - Sputnik Azərbaycan
Zabrat-Kürdəxanı yolunun kənarında Zabrat gölü
Mütəxəssislər iddia edirdilər ki, gölün daşmasına ərazidə yeni fərdi evlərin tikilməsi səbəb olub. Belə ki, kənd ərazisində kanalizasiya sistemi olmadığı üçün yeni tikilən evlərin məişət suları gölə axıdılırdı. Payız-qış aylarında yağıntılar da gölə axır və gölün daşmasına səbəb olurdu.

Havalar soyuyur, bir müddət sonra yağıntılar başlayacaq, Zabrat və Kürdəxanı sakinlərinin qara kabusu geri dönəcək.

Ancaq Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a bildirib ki, artıq Zabrat qəsəbəsində yeni layihənin icrasına başlanılıb.

Onun sözlərinə görə, yeni yaradılan infrastruktur istismara veriləndən sonra yağış sularının yığılma təhlükəsi aradan qaldırılacaq.

"Qeyd edim ki, Bakı şəhəri Sabunçu rayonunun 2-ci Zabrat yaşayış massivi adlanan ərazisində səth və qrunt sularının kənarlaşdırılması məqsədilə mərkəzləşdirilmiş yağış-kanalizasiya sistemləri mövcud olmayıb. Son illər ərazidə məskunlaşmanın artması səth və tullantı sularının axıdılmasını aktuallaşdırıb. İntensiv yağıntılar zamanı ərazidə subasma hallarının qeydə alınması sakinlər üçün narahatlıq doğurmaqla yanaşı, antisanitar vəziyyətin yaranmasına səbəb olub", – deyə mətbuat katibi vurğulayıb.

© Sputnik / Irade JELILƏrazidə 3,6 km uzunluğunda yağış-kanalizasiya şəbəkəsi və kollektoru inşa olunur
Ümid reallığa çevrilir – Kabus daha qayıtmayacaq - Sputnik Azərbaycan
Ərazidə 3,6 km uzunluğunda yağış-kanalizasiya şəbəkəsi və kollektoru inşa olunur

Qurumun sözçüsü əlavə edib ki, layihəyə əsasən, ərazidə 3,6 km uzunluğunda yağış-kanalizasiya şəbəkəsi və kollektoru inşa olunur: "Yeni yaradılan şəbəkə üzərində baxış quyuları tikilir. Burada yaranan səth və qrunt suları yaxınlıqdan keçən mövcud kollektora ötürüləcək. Bu məqsədlə ərazidə nasos stansiyası inşa edilir. Layihə üzrə tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur".

Bu layihənin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq. Layihələrin icrası əhalinin məişət şəraitini yaxşılaşdırmaqla yanaşı, ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Zabrat gölü və Məhəmmədi gölü bir-biri ilə əlaqəlidir: "Yəni birinin səviyyəsi qalxanda, o birisini aşıb keçirdi. Bir neçə il öncə məsələ ictimailəşdirildi. Həmin dövrdə kənar evlərin zirzəmiləri nəmişlik, rütubət var idi. Orada olan evlərin divarlar nəm idi, ağcaqanadlar həddən artıq çox idi. Eyni zamanda həmin göldə sovet dövründə dəmiryolunun altından keçən kanal olub. Həmin kanalın ağzı bağlanmış və üzəri satılmışdı. Məsələ Nazirlər Kabineti səviyyəsində qaldırıldıqdan sonra kanalın ağzı açıldı və drenaj sularının səviyyəsi aşağı endirildi. Artıq sular idarə olunan hala gəldi. Buna baxmayaraq, ətraf gölməçələrdə su qalmaqdadır".

© Sputnik / Irade JELILPayız-qış aylarında yağıntılar gölə axır və gölün daşmasına səbəb olur
Ümid reallığa çevrilir – Kabus daha qayıtmayacaq - Sputnik Azərbaycan
Payız-qış aylarında yağıntılar gölə axır və gölün daşmasına səbəb olur

Ə.Qaralov qeyd edib ki, yağıntılar artdıqca, gölün səviyyəsi qalxdıqca, qrunt sularının səviyyəsinin artması gözlənilir.

Həmsöhbətimiz əlavə edib ki, yeni layihə qrunt sularının səmərəli şəkildə idarə edilməsinə xidmət edəcək.

Yəni qısaca desək, daha Zabrat ərazisində subasmalar qeydə alınmayacaq, xüsusilə Zabrat gölü daşmayacaq.

Rahat nəfəs alın, Bakıya köçən insanlar!

Xəbər lenti
0