Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 20 sentyabr — Sputnik. Təhsil zamandan və məkandan asılı deyil, əsas istəkdir. Buna ucqar dağ kəndində təhsil alan və yüksək nəticələr əldə edən qızcığaz bariz nümunədir. Qusar rayonunun Gican kənd sakini Maişat Vəlimətova təhsil aldığı dövrdəki çətinliklərdən və uğurlarından Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb.
2002-ci il təvəllüdlü Maişat Vəlimətova 9-cu sinfə qədər kənd məktəbində oxuyub və onu əla qiymətlərlə bitirib. Bu məktəb 9 illik olduğuna görə təhsilini davam etdirmək üçün Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbinə keçib.
“Oxumağa həvəsim hələ uşaqlıqdan olub. 2 yaşım olanda çoxlu şeirlər bilirdim. Sonra məktəbə gedəndə oxumaq üçün əldən-ayaqdan gedirdim. Dərslərimi qurtarandan sonra nağıl kitabları, kiçikhəcmli əsərlər oxuyurdum. Atam tarix müəllimidir. Sonralar məndə də tarix fənninə həvəs çoxaldı. Dərsliklərlə bərabər, ensiklopediyalar oxumağa başladım. Amma onu etiraf edim ki, ən çox sevdiyim fənn “Azərbaycan dili” olub”, - deyə M.Vəlimətova bildirib.
Orta məktəblə bu il vidalaşan Maişat uğurlarını xatırlayır: "Mən sırf ləzgilərin kompakt yaşadığı bir kənddə dünyaya göz açmışam. Demək olar ki, burada hər kəs ləzgi dilində danışır. Buna baxmayaraq, mən bu il Təhsil Nazirliyinin keçirdiyi “Ədəbiyyat birinciləri” müsabiqəsində 25000 şagird arasında 1-ci yerə çıxan 6 qalibdən biri olmuşam. Mən rayon məktəbində təmayül sinfində təhsilimi davam etdirdim və buranı da əla qiymətlərlə bitirdim. Təhsildə xüsusi nailiyyətlər qazandığıma görə Təhsil Nazirliyinin qızıl medalına layiq görüldüm. Bu il 638 bal yığaraq Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının “Dövlət və ictimai münasibətlər” fakültəsinə daxil oldum”.
Təhsildə yüksək nəticələr əldə edən M.Vəlimətova bu uğurların heç də asanlıqla qazanılmadığını, bunun üçün çox çətin yollardan keçdiyini bildirdi: “Bizim kəndimiz ucqar dağ kəndi olduğundan qışı çox soyuq keçir. Buna görə də məktəbdə oxuğum zaman çox çətinliklər çəkdim. 5-ci sinfə qədər olan ibtidai məktəbimiz təmirsiz və soyuq idi. Həm də bu məktəb evimizdən uzaqda yerləşir. Qışda evə çatana qədər donur, bir-iki saat əl-ayağımı hiss etmirdim. Hətta belə vəziyyətdə çalışırdım tez özümə gəlib, yeməyimi yeyib dərslərimə baxım. Sonra rayon məktəbində oxuduğum zamanda da əziyyətlərim az olmadı. Kənddən rayona gediş-gəliş çətin idi. Çox yorulurdum. Buna baxmayaraq, gecə-gündüz oxuyurdum və şükür ki, nəticəsini də gördüm”.
Maişat haqqında Qusar rayon 1 saylı orta məktəbin direktoru Arif Xəlilov da danışıb: “Məktəbimizə gələndə Maişatın qiymətləri əla idi. Maişat həqiqətən çox çalışqan şagird idi. O, hətta dərs arası fasilələrdə belə, oxuyurdu. Onun Təhsil Nazirliyinin keçirdiyi “Ədəbiyyat birinciləri” müsabiqəsində 25000 şagird arasında 1-ci yerə çıxan 6 qalibdən biri olması bariz nümunədir. Biz Maişatla fəxr edirik”.
Onu da qeyd edək ki, Maişatın uğurları yuxarıda sadaladıqlarımızla bitmir. Qusar rayonundakı məktəblər arasında “Torpaq, uğrunda ölən varsa, Vətəndir” inşa müsabiqəsində birinci yer tutub. O, həm də “Ölkəmizi tanıyaq” layihəsinin və “Mən Azərbaycanlıyam” verilişinin iştirakçısı olub.