Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 20 sentyabr — Sputnik. Uğurlu və mükəmməl təhsil gələcək üçün bir yatırımdır. Övladı ilə bağlı hər bir valideyni ən çox düşündürən sual böyüyəndə onun hansı peşəyə sahiblənəcəyidir. Artıq elm və texnologiyanın inkişafı yetişməkdə olan nəsil üçün yeni ixtisaslar təqdim edir. Hətta son illərdə təhsil üçün Çin və Yaponiyaya gedən gənclərimizin sayında artımın olması sevindirici hal kimi dəyərləndirilir.
Amma yaponlar kimi texnologiya dahisi olmaq üçün minlərlə kilometr qət etməyə daha gərək yoxdur. Çünki artıq Azərbaycanda da yapon təhsili əlçatandır.
Sputnik Azərbaycan-ın əməkdaşı ölkəmizdə fəaliyyət göstərən belə tədris mərkəzinin təsisçisi Rəhman Rəsulov ilə yapon elminin incəlikləri barədə danışıb.
R.Rəsulov özü Azərbaycan Texniki Universitetinin “Elektrik Mühəndisliyi” fakültəsini bitirdikdən sonra ABŞ-da magistr təhsili kimi proseslərin avtomatlaşdırılması və robotexnika ixtisası üzrə təhsil alıb. O, 2008-2012-ci illərdə ABŞ-da robotexnika üzrə təlimçi kimi çalışıb. Hazırda yerli universitetlərdə də öyrəndiyi bilikləri tədris edən və “SOCAR”da mühəndis kimi fəaliyyətini davam etdirən həmsöhbətimiz təhsil proqramı, olimpiadalar haqda ümumi məlumat verdi:
“Burada yapon təhsilinə xas olan proqramlar - “Robotics”, “Scratch Programming”, “Genesis”, “DIY DRONE”, “Foster” - tədris olunur. “Robotics” adlandırdığımız proqram 4-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Bununla uşaqlar texnologiya, mühəndislik və bir sıra riyazi bilikləri mənimsəyirlər, hazır hissəciklərdən müxtəlif fiqurlar yaradırlar. Buradakı modul setlər uşaqların əl qabiliyyəti və təfəkkürünün inkişafına müsbət təsir edir. Məsələn, hazır hissəciklərdən uşaqlar arı düzəldərək real arı ilə onun arasında olan fərqi öyrənirlər”.
Uşaqların daha çox maraq göstərdiyi proqramlardan biri olan, 7-13 yaşlılar üçün nəzərdə tutulan “Scratch Programming”də isə onlar oyunları, animasiyanı və elektron robotları proqramlaşdırmaq üçün təməl proqramlaşdırma dilini mənimsəyirlər. Bu proqramın əsas mahiyyəti şagirdlərdə məntiqi və düşünmə qabiliyyətini inkişaf etdirməkdir.
8-12 yaşlılar üçün nəzərdə tutulan “Genesis” proqramı yapon tədris proqramını, alternativ enerji, xilasedici maşınlar, hidravlik qurğular, əl generatorları, 3D texnologiyası barədə bilik və bacarıqları, "Do It Yourself" ("Özün et") proqramını əhatə edir. Uşaqlar elektrik enerjisinin mexaniki enerjiyə və əksinə necə çevrildiyini öyrənirlər. Eyni zamanda maşınların günəş enerjisi ilə işləməsini, külək enerjisinin əldə edilmə prinsipini, bir sözlə, alternativ enerjiyə necə sahib olmağı mənimsəyirlər. Bu prosesdə uşaqlara həmçinin sürət həddi də öyrədilir.
Təsisçinin sözlərinə görə, bundan başqa, uşaqlar burada hazır hissəciklərdən günəş enerjisi ilə işləyən avtomobilləri yığırlar. Bu zaman Günəşdən əldə edilən enerji qurğunun üzərindəki mühərrikə ötürülür və maşın hərəkətə gəlir.
Dronların, helikopter və təyyarələrin iş mexanizminin tədrisi uşaqların ən sevdikləri məşğələlərdəndir.
Qeyri-adi proqramlardan biri isə “DIY” (Do it yourself), yəni özün qur, yarat adlanır. R.Rəsulov bizə bu haqda da məlumat verir: “Bu proqram ilə uşaqlar ətrafda olan tullantılardan müəyyən fiqurlar yaradır, onlara mexanizm, mühərrik, hissəcik əlavə edərək nəsə öyrənirlər. Məsələn, tozsoranın iş mexanizmini bilmək üçün plastik şüşələrin daxilinə kiçik bir mühərrik yerləşdirilir”.
3D qələmlə uşaqlar müxtəlif fiqurlar düzəldirlər. Bu cür qələmlərin tərkibində olan filamentlər əridikdən sonra müxtəlif fiqurlar yaranır.
Şagirdlər robotların etibarlı quraşdırılması, onun proqramlaşdırılması ilə yanaşı, dizayn, mühəndislik bacarıqlarına da yiyələnirlər. Bilik və bacarıqlarını göstərmək üçünsə müxtəlif olimpiadalara qatılırlar. Bu olimpiadalar həm nailiyyətlər, həm də motivasiya ilə yadda qalır: “Motivasiya üçün olimpiadalarda yer tutan tələbələrdən heç bir ödəniş alınmır. Bu şəxslərin təhsil xərcləri dövlət səviyyəsində qarşılanır. Bundan başqa, bu cür proqramlar Aprel şəhidlərinin övladları üçün pulsuzdur”.
Məktəbdəki təlimçilərin hamısı ixtisaslı kadrlardırlar. Müəllimlər Aviasiya Akademiyası və Azərbaycan Texniki Universitetinin yetirmələridirlər. 31 təlimçidən biri isə robotdur. O, "7-ci koç" (coach - ingiliscə məşqçi - red.) adlandırılır. Yazılan proqrama əsasən, “7-ci koç” uşaqlara dərs keçir.
Mərkəzdə robotexnikanın əsas hissəsindən biri olan sensorla işləmə mexanizmi də öyrədilir. Sensorlar insana xas duyğu və bacarıqların bir hissəsini ehtiva edir, onların köməyilə robot hansısa maneəyə dəydikdə, verilən rəngi tapdıqda, ona toxunuş olduqda xüsusi siqnalla bu haqda məlumat ötürür. Bu məlumatlar kodlaşdırılıb ekrana verilir. Uşaqlar üçün maraqlı olsun deyə burada robotların döyüşü də nümayiş olunur.
“Mən pilotam” layihəsi gələcəyin pilotlarının yetişdirilməsi üçün yardımçı vasitədir. Şagirdlərə dronların, helikopterlərin komponentləri, iş mexanizmi öyrədilir, aviasiya bilikləri inkişaf etdirilir.
"Biz burada uşaqları kiçik yaşlardan etibarən helikopter mühəndisi olaraq yetişdiririk. Bu proqram yekunlaşdıqdan sonra isə onlar öyrəndiklərini sınaqdan keçirmək üçün olimpiadalara qatılırlar", - R.Rəsulov deyir.
2016-cı ildən Azərbaycanda belə bir platformanı yaradan R.Rəsulovun əsas hədəfi layihəni bölgələrdə də inkişaf etdirməkdir. Onun sözlərinə görə, bu yolla gələcək üçün daha bilikli, ixtisaslı kadrlar yetişdirmək mümkün olacaq. Çünki texnologiya yerində saymır, məsələn, Çin və Yaponiyada bir ölkədə yaşayan həkim digər ölkədə yaşayan xəstəni robotun köməyilə, ona əmrlər verməklə, əməliyyat edir.
Proqnozlara görə, robotlar gələcəyimizin bir hissəsinə çevriləcək. Onların arasında naşı olmamaq üçün isə indidən hazırlıq görmək lazımdır.