BAKI, 18 sentyabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp bəyan edib ki, İrana qarşı sanksiyalar əhəmiyyətli dərəcədə artırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tramp öz "Twitter" səhifəsində yazıb.
"Mən maliyyə nazirinə İrana qarşı sanksiyaları əhəmiyyətli dərəcədə artırmağı tapşırdım", - deyə Tramp öz "Twitter" səhifəsində yazıb.
Xatırladaq ki, daha əvvəl Birləşmiş Ştatlar Tehranı Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumunda ittiham edib.
Sentyabrın 14-də Səudiyyə Ərəbistanının Əbqaik və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının söndürüldüyünü açıqlayıb.
I have just instructed the Secretary of the Treasury to substantially increase Sanctions on the country of Iran!
— Donald J. Trump (@realDonaldTrump) 18 сентября 2019 г.
Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin etan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.