BAKI, 17 sentyabr — Sputnik. "Polisin fəaliyyətinin səmərəlilik əmsalı cəmiyyətin təhlükəsizlik səviyyəsi ilə ölçülür. Polis bu gün ölkədə daxili sabitliyin və asayişin qorunması işini uğurla davam etdirir".
Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, polis təkcə cinayətin açılmasında deyil, həm də risk qrupuna daxil olan – münaqişəli ailələrin, çətin tərbiyə olunan uşaqların, narkomaniya və yol hərəkəti təhlükəsizliyinə qarşı mübarizədə profilaktika, maarifləndirmə işinin genişlənməsi ilə bağlı fəal iş aparır. Bu istiqamətdə uğurlar əldə edilməsi xeyli dərəcədə polis-vətəndaş həmrəyliyindən asılıdır.
"Cəmiyyətdə müşahidə olunan sosial-neqativ problemləri aradan qaldırmaq üçün onları inkar etmək, "mənlik deyil" deyib sosial məsuliyyətdən yayınmaq nə qədər doğrudur?! Məsuliyyət "sorğu-suala çəkmək", "hesablaşmaq" mənasındadırsa, yaxud mənəvi öhdəlikdirsə, insan öz hərəkət və əməllərinə görə cavabdehlik daşıyır. Bu baxımdan sosial məsuliyyət hər bir insanın düşüncə tərzi olmalıdır", - deyə o vurğulayıb.