Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 17 sentyabr — Sputnik. “Bilik günü” tələbə yoldaşları ilə gəzintiyə çıxan Şəki Dövlət Regional Kollecinin tələbəsi üçün gözlənilməz ağır xəsarətli fəsadlarla yadda qalıb.
Belə ki, Bərdə rayon sakini 16 yaşlı Xəyalə Dursunova tələbə yoldaşları ilə şəhərin mərkəzi istirahət məkanlarından olan Axundov parkına gəlib. İlkin məlumatlara görə, Xəyalə tələbə yoldaşları ilə əylənib, atraksiona minib. O, atraksionun dayanmasını gözləmədən enmək istəyib və elə bu zaman hadisə baş verib. Onun ayağı aralığa düşüb və tələbə ciddi xəsarət alıb.
Tələbə qız hadisə yerində olanların köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyub. Şəki MRX-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, xəstənin vəziyyəti ağır olaraq qalır.