Sentyabrın ortası yalnız məktəblilər üçün deyil, artıq çoxdan püxtələşmiş jurnalistlər üçün yeni tədris ilinin başlanğıcı olub. Belə ki, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində “SputnikPRO” layihəsinin növbəti modulu keçirilib. Mövzu isə kütləvi informasiya vasitələrində məlumat təqdimatının sintetik formatlarına həsr edilib.
Budəfəki təlim “Rossiya Segodnya” Beynəlxalq İnformasiya Agentliyinin Dövlət İnternet Layihələri üzrə direktor müavini İrina Kedrovskaya tərəfindən aparılıb. Maraqlısı odur ki, o vaxtlar layihə “SputnikPRO” adlanmasa da, Bakıda keçirilən təlim silsiləsinə iki il öncə məhz Kedrovskaya start verib.
“Bu dəfə də məni iki il öncə olduğu kimi çox yaxşı qarşıladılar. Amma auditoriya artıq həmin auditoriya deyil, belə ki, içində işləməli olduğumuz vəziyyət fərqlidir. Buna baxmayaraq, jurnalist kimi qarşımızda duran problemlər eynidir. Bu tərəfdən azərbaycanlı həmkarlarımızla oxşar cəhətlərimiz çoxdur”, - deyə rusiyalı media mütəxəssisi bizimlə bölüşüb.
Qeyd edək ki, “SputnikPRO” Azərbaycanda artıq yeddinci dəfədir keçirilir. Bu, Sputnik Beynəlxalq Agentliyi və Radiosunun jurnalistika sahəsində çalışan mütəxəssislər üçün silsilə təcrübə mübadiləsi və ustad dərsləri layihəsidir.