BAKI, 17 sentyabr — Sputnik. Başqırdıstanın Yanaul şəhərində 6 yaşlı uşaq yaşadığı mənzildə anasının meyitinin yanında bir neçə gün keçirdikdən sonra gücdən düşmüş halda tapılıb.
Sputnik Azərbaycan Yanaul rayonunun başçısı İlşat Vaziqatovun "VKontakte" sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir ki, uşaq hazırda reanimasiyadadır və həkimlər ona yardım göstərirlər.
Bir müddət öncə, Başqırdıstanın istintaq orqanları məlumat verib ki, sentyabrın 16-ı Yanaul şəhərində yerləşən binanın mənzillərindən birində 6 yaşlı oğlan gücdən düşmüş halda tapılıb. Mənzildə həmçinin onun 44 yaşlı anasının meyiti aşkar edilib.
Müstəntiqlər qadının ölüm səbəbini və tarixini araşdırırlar. Bəzi məlumatlara görə, qadın beş gün əvvəl dünyasını dəyişib.
Yanaul rayonunun rəhbəri qeyd edib ki, oğlanın yoxa çıxmasından sonra onun uşaq bağçasındakı müəllimləri narahat olmağa başlayıblar.
Vaziqatov deyib ki, avqustun 30-dan etibarən uşağın anası müəllimlərin zənglərinə cavab verməyib.
Qadının yaşadığı mənzilin açarları onun rəfiqəsində olduğuna görə müəllimlər ona müraciət ediblər.
"Qadın qapını açanda meyiti və gücdən düşmüş uşağı görüb. Ola bilər ki, uşaq sadəcə anasının yatdığını düşünüb. Sonra isə onun (uşağın - red.) küçəyə çıxmağa gücü olmayıb" - Yanaul rayonunun rəhbəri deyib.
Son məlumatlara görə, qadının özünü öldürdüyü güman edilir. Yanaul rayonunun hüquq mühafizə orqanlarında olan mənbə RİA Novosti-yə bildirib ki, ekspertlər meyitin üzərində cinayət izləri aşkar etməyiblər.
“Güman edilir ki, o, özünü öldürüb. Ekspertizanın nəticəsində vəziyyət aydınlaşacaq”, - mənbə deyib.