BAKI, 16 sentyabr — Sputnik. Dövlət Statistika Komitəsi (DSK) bu ilin 7 aylıq hesabatını açıqlayıb.
Sputnik Azərbaycan DSK-nın məlumatına istinadla xəbər verir ki, bu ilin yanvar-iyul aylarında qeydiyyat şöbələri tərəfindən 35192 nikah və 9793 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8-dən 6,1-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Məlumatda bu il doğulan uşaqların da sayı qeyd edilib. Belə ki, cari ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 79861 doğulan körpə qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb.
Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1844-ü əkiz, 48-i isə üçəm doğulanlardır.
Hesabatda ölüm səviyyəsinin azaldığı qeyd edilib. Belə ki, 7 ay ərzində 33647 ölüm halı qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 5,8-ə düşüb.