BAKI, 15 sentyabr - Sputnik. Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət şirkətinin iki neft emalı zavoduna hücumdan sonra neftin nəqlini bərpa etməsi üçün bir həftə lazımdır.
APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi vəziyyət barədə məlumatlı olan mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl “The Wall Street Journal” nəşri adının çəkilməsini istəməyən Səudiyyə Ərəbistanı rəsmisinə istinadən Ər-Riyadın neft nəqlini bazar ertəsi neft emalı zavodlarına hücumdan əvvəlki səviyyədə bərpa edəcəyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının artıq lokallaşdırıldığını açıqlayıb. Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub. fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin etan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.