BAKI, 14 sentyabr — Sputnik. Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı və İsmayıllı rayonlarında səfərdə olub.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən bildirir ki, ölkənin bütün regionları kimi Şamaxı rayonunda da abadlıq, quruculuq və yenidənqurma işləri uğurla davam edir. Rayonda bir-birinin ardınca mühüm əhəmiyyətli iqtisadi və sosial obyektlər istifadəyə verilir. Onlardan biri də Şamaxının Məlikçobanlı kəndində yeni tikilmiş Gülağa Ağayev adına tam orta məktəbin binasıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva məktəbin açılışında iştirak ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva 3 mərtəbədən ibarət 460 şagird yerlik məktəbdə yaradılan şəraitlə tanış olub. Bina bütün inventar və avadanlıqlarla təchiz edilib. Ərazi yaşıllaşdırılıb.
Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva daha sonra Şamaxı Cümə məscidini ziyarət ediblər. Məscidin imamı Mərhəmət Mustafayev ziyarətə gələnlərin bu müqəddəs ocağın yenidən bərpa olunmasını minnətdarlıqla xatırladıqlarını bildirdi.
Mehriban Əliyeva: Buraya xaricdən turistlər çox gəlir?
Mərhəmət Mustafayev: Çox gəlirlər, gündə təxminən 500 nəfər.
Mehriban Əliyeva: Hansı ölkələrdən?
Mərhəmət Mustafayev: Bütün Avropadan, Səudiyyə Ərəbistanından, Amerikadan gələnlər var. Allah cənab Prezidentdən razı olsun.
Tarixin müxtəlif dövrlərində, təbii fəlakətlərə, repressiyalara və dağıntılara məruz qalmış Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir edilib. Prezident İlham Əliyev Fondun bu təşəbbüsünə dəstək olub, Azərbaycan - Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş edib, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə verib. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Prezident İlham Əliyev məscidin açılışında iştirak edib. Beləliklə, bu məscid təkcə Şamaxı sakinlərinin deyil, ölkəmizə gələn qonaqların da ziyarət etdiyi müqəddəs məkanlardan biridir.
Mehriban Əliyevaya müqəddəs Qurani-Kərim hədiyyə edən məscidin imamı Mərhəmət Mustafayev dedi: "Sizi Azərbaycanın, Şamaxının bu qədim məscidində salamlamaqdan çox böyük şərəf duyuram. Allah sizlərdən razı olsun. Burada sizlərin çox böyük zəhməti var. Allah cənab Prezidentdən razı olsun. Allahın kitabını, İnşallah, Sizə hədiyyə edirəm. Allah Sizi hifz eləsin".
Birinci vitse-prezident sentyabrın 14-də Şamaxıya səfəri çərçivəsində şəhərin Şirvanşah İbrahim küçəsi 26 ünvanında yaşayan Hicran İsmayılovaya məxsus, bu il fevralın 5-də və 6-da baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış olub. Ev sahibi göstərilən yardıma görə Birinci vitse-prezidentə təşəkkürünü bildirib.
Mehriban Əliyeva və qızı Leyla Əliyeva sentyabrın 14-də ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar. Burada rayon sakinləri ilə görüşən Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxıya bu dəfə Prezident İlham Əliyevin tapşırığı ilə səfər etdiyini vurğulayaraq bildirib:
- Bilirsiniz ki, cənab Prezident zəlzələdən dərhal sonra - fevralın 7-də Şamaxıya səfər etdi, vəziyyətlə tanış oldu, lazımi göstərişlər verdi və maliyyə vəsaiti ayrıldı. Mən indi görürəm ki, işlər yaxşı gedir. Üç rayon üzrə təxminən 547 fərdi ev tam yararsız vəziyyətdə idi. Onların yarısından çoxu artıq inşa olunub və insanların istifadəsinə verilib. Bərpa işləri gedir. Ümidvaram ki, dövlət bu təbii fəlakətin nəticələrini qısa zamanda tamamilə aradan qaldıracaq. Heydər Əliyev Fondu da bu işlərdə iştirak edir. Hər üç rayonda - Şamaxı, Ağsu və İsmayıllıda əhalinin xahişi nəzərə alınaraq yeni məktəblər tikilib, tibb məntəqələrində təmir işləri aparılıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən bəri respublikamızın regionlarının inkişafı üçün kompleks tədbirlərin həyata keçirildiyini və Şamaxı rayonunda da bu istiqamətdə silsilə tədbirlərin uğurla reallaşdırıldığını vurğuladı. O, Azərbaycanda dövlət siyasətinin sosialyönümlü olduğunu və bu çərçivədə abadlıq işlərinin aparılmasının, təhsil müəssislərinin, uşaq bağçalarının və səhiyyə obyektlərinin inşası və yenidən qurulmasının da başlıca hədəflərdən biri olduğunu bildirdi. Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı rayonunun da inkişafının daim diqqət mərkəzində saxlanacağını dedi və rayon sakinlərinə uğurlar arzuladı.
Şamaxılılar ümumi amallar naminə bundan sonra da səylərini əsirgəməyəcəklərini vurğuladılar, Prezident İlham Əliyevə xüsusi salamlarının çatdırılmasını xahiş etdilər.
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı rayonunun Muğanlı kənd sakini Zamiq Səfərova məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa olunan evə baxıb.
Mehriban Əliyeva: Xoş gördük, sizi salamlamağa çox şadam. Bu balacalar sizin nəvələrinizdir? Nə gözəl qızlardır.
Zamiq Səfərovun xanımı: Xoş gəlmisiniz. Allah Sizə cansağlığı versin.
Mehriban Əliyeva: Fevralın 5-də zəlzələ oldu, 7-də Şamaxıya Prezident gəldi və vəziyyətlə tanış oldu. Dərhal göstərişlər verdi, maliyyə vəsaiti ayrıldı. Mən çox şadam ki, yararsız, yəni, qəzalı binaların demək olar, yarısı artıq yenidən tikilərək istifadəyə verilib.
Səfərovlar ailəsi ən çətin anlarda onların yanında olmalarına və zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması üçün göstərdikləri köməyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirdi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonuna səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib. Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Sonra Mehriban Əliyeva burada İsmayıllı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilən evdə görülən işlərlə tanış olub.
Mehriban Əliyeva və qızı Leyla Əliyeva İsmayıllı şəhərinin Vahab Osmanov küçəsində inşa olunan yeni uşaq bağçasının açılışında da iştirak ediblər. Birinci vitse-prezident Mehriban Əliyeva bağçada yaradılan şəraitlə tanış olub.
İsmayıllı şəhərində məktəbəqədər yaşlı uşaqların sayı 2300 nəfərdir ki, onlardan 195 nəfəri məktəbəqədər təhsilə cəlb olunub. Məsələnin həlli məqsədilə Prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı Sərəncamla İsmayıllı şəhəri ərazisində yeni 100 yerlik uşaq bağçası binasının tikintisinə Prezidentin Ehtiyat Fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılmışdı. Üçmərtəbəli uşaq bağçasının binasında 5 qrupun fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb, bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Bağçanın həyətində yaşıllaşdırma işləri görülüb.
Sentyabrın 14-də İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışı olub. Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva açılışda iştirak ediblər.
İvanovkalılar Mehriban Əliyevanı duz-çörəklə qarşıladılar.
Mehriban Əliyeva: Sizin İvanovka kəndində olmağıma çox şadam. Sizin yanınıza həmişə böyük məmnuniyyətlə gəlirəm.
Nikitin adına kollektiv təsərrüfatın Müşahidə Şurasının sədri Olqa Jabina: Salam. Xoş gəlmisiniz.
Mehriban Əliyeva: Sağ olun.
Milli geyimli qızlar: Bizim çörəyimizin dadına baxın.
Mehriban Əliyeva: Məmnuniyyətlə.
Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva çörəyin dadına baxdılar.
Mehriban Əliyeva: Sizin yeməkləriniz həmişə ləzizdir.
Birinci vitse-prezident Mədəniyyət Sarayında yaradılan şəraitlə tanış oldu. Mədəniyyət müəssisəsinin musiqi kollektivi ilə görüşən Mehriban Əliyeva dedi: Salam. Sizi Mədəniyyət Sarayının istifadəyə verilməsi münasibətilə təbrik edirəm. Sizin yanınıza qonaq gələndə həmişə xoşbəxt oluram.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət Sarayının musiqi kollektivinin ifalarını dinlədi.
İvanovka Mədəniyyət Sarayı 1985-ci ildə tikilib. Binada uzun müddət əsaslı təmir işləri aparılmadığından yararsız vəziyyətə düşmüşdü və mədəniyyət müəssisəsi fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. Prezident İlham Əliyevin 2018-ci ilin sentyabrında imzaladığı Sərəncama əsasən İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarlarla təmin edilməsi üçün Prezidentin Ehtiyat Fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat vəsait ayrıldı, binanın əvvəlki memarlıq üslubu saxlanmaqla əsaslı təmir edildi. Burada akt, banket zalları, musiqi məktəbinin fəaliyyət göstərdiyi otaqlar, rəqs salonu, kitabxana əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir olundu.
Olqa Jabina: Bu, bizə gözəl hədiyyədir. İndi bizim nəinki çörəyimiz, bu mahnılarımız da var. Çox sağ olun.
Mehriban Əliyeva: Sizin konsertlərinizi dinləməyə gələcəyik.
Olqa Jabina: Həmişə şadıq.
Mehriban Əliyeva: Çox sağ olun. Sizə uğurlar arzulayırıq.