BAKI, 14 sentyabr — Sputnik. İki gündən sonra yeni dərs ili başlayacaq. Amma Xırdalan şəhərinin mərkəzi küçələrində vəziyyət acınacaqlı durumdadır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Xırdalan şəhər sakini, tanınmış iqtisadçı Samir Əliyev "Facebook" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
O bildirib ki, Xırdalan şəhərinin əsas prospekti olan Heydər Əliyev prospektində aparılan təmir işləri yekunlaşdırılmayıb. Bu səbəbdən də yolda tıxac yaranır. İqtisadçı dərslər başlayan gün, sentyabrın 16-dan isə yolda vəziyyətin necə olacağını indidən təsəvvür etməyin mümkün olduğunu söyləyib. O, qeyd edib ki, hazırda ərazidə kanalizasiya xəttinin çəkilişi işləri davam etdirilir. Dağıdılan yolun isə yamanması prosesi yekunlaşmayıb.
Qeyd edək ki, Xırdalan şəhərində yeni çoxmərtəbəli yaşayış binalarının inşası bu şəhərdə nəqliyyatın hərəkətini iflic duruma salıb. Mövcud yol infrastukturu bu qədər əhali sayına hesablanmadığından, Xırdalanda ucaldılan çoxmərtəbəli binalarda tam məskunlaşma olmadığı halda belə, günün günorta saatında yollarda tıxac yaranır. Yolkənarı binaların inşasına kortəbii icazə verilməsi isə prospekt və küçələrin genişləndirilməsinə maneə yaradır. Xırdalan sakinləri dəfələrlə bu problemi sosial şəbəkələrdə qabardaraq Xırdalan şəhərinin həddindən artıq yüklənməsinə son qoyulması, eləcə də tikinti bumunun dayandırılmasına etiraz xarakterli çağırışlar ediblər.
Məlumat üçün onu da qeyd edək ki, Xırdalan şəhərində göydələnlərin kortəbii ucaldılması Bakı-Sumqayıt yolunun da yüklənməsinə, sıxlığa səbəb olub.