BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi ilə bağlı monitorinqləri davam etdirir.
Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, AQTA əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, mənzil 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Kazımova Nəsibə Bəşir qızına məxsus “Sabiha” restoranında yoxlama aparıb. Müəyyən edilib ki, əhalinin qidalanmasının təşkili və ya yeməklərin, eləcə də içkilərin hazırlanması, onların saxlanması, əhaliyə satılmasına dair sanitariya-gigiyena və texniki normativ sənədlərin tələbləri kobud şəkildə pozulub.
Monitorinq zamanı baytarlıq-sanitariya ekspertizası aparılmayan və baytarlıq arayışı ilə müşahidə olunmayan ət və ət məhsullarından istifadə edildiyi aşkarlanıb. Yoxlama zamanı xammalın saxlanması sahəsi olmadığına görə məhsulların birbaşa mətbəxdə, yemək zalında döşəmənin üzərində və masaların altında yığılaraq saxlanıldığı müəyyən olunub. Qida obyektində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkarlanıb.
Qida məhsullarından nümunələr götürülərək analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Restoranın fəaliyyəti məhdudlaşdırılıb.
Qeyd edək ki, sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərib.