BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də bir sıra tədbirlərdə iştirak edib.
Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Bakının Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında da iştirak edib.
Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Təhsil naziri Ceyhun Bayramov Mərkəzdə yaradılan şəraitlə bağlı Prezident İlham Əliyevə məlumat verib.
Daha sonra Prezident Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.