Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera müğənnisi Fidan Hacıyeva Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə direktor təyin edilib. Bu xəbəri Sputnik Azərbaycan-a F.Hacıyeva özü təsdiq edib.
"Bu gün yeni vəzifəyə təyinat almışam. Artıq iş başındayam. Mən inanıram ki, Azərbaycana gözəl, istedadlı və düzgün yöndə təhsil almış tələbələr yetişdirəcəyəm”, – deyə F. Hacıyeva bildirib.
Paralel olaraq Opera və Balet Teatrında işlərini necə quracağı haqda məlumat verən Xalq artisti qeyd edib ki, hal-hazırda teatrda iki opera hazırlayır: “Eyni zamanda, 19 sentyabrda bizim musiqi bayramımızdır. Nəzərdə tutulmuş festivalda "Koroğlu" operasında oxuyacağam. Həmçinin planda solo konsertim də var. Noyabr ayında İsveçrədə solo konsertlə çıxış edəcəyəm".
Qeyd edək ki, Fidan Hacıyeva "Koroğlu", "Sevil", "Arşın Mal Alan", "Karmen", "Sevilya bərbəri", "Aida", "Trubadur", "Riqoletto", "Suor Ancelika" operalarında yaddaqalan obrazlar yaradıb.