BAKI, 12 sentyabr — Sputnik. Yerevanda 1 mart hadisələri üzrə iclasın keçirildiyi məhkəmənin qarşısında dava düşüb.
Sputnik Ermənistan-ın məlumatına görə, polis iki nəfəri idarəyə aparıb.
Dava Ermənistanın ikinci prezidenti Robert Koçaryanın tərəfdarları ilə əleyhdarları arasında baş verib. Bədən xəsarətləri alan bir nəfər xəstəxanaya yerləşdirilib. Təsdiq olunmamış məlumata görə, onun ayağı sındırılıb.
Dava edənlər arasında dəfələrlə Ermənistan prezidentliyi üçün namizədliyini vermiş və uğursuzluqla üzləşmiş Aram Arutyunyan da olub. Hazırda Koçaryana dəstək verən Arutyunyan dava vaxtı bir qadının üzünə zərbə endirib.
1 mart işi üzrə məhkəmədə tərəflərin fikir ayrılıqlarından sonra məsləhətləşmə aparılıb. Vəkillər keçmiş dövlət başçısı barəsində cəza tədbirinin dəyişdirilməsi barədə vəsadət qaldırıblar. İclasın yekunlarına görə Koçaryanın azad olunması, ya da həbsdə qalmasına qərar veriləcək. Son qərar sentyabrın 17-də açıqlanacaq.