Sputnik Azərbaycan avqustun əvvəllərində “Məktəbə getmək ümidi ilə” sosial aksiyasına start vermişdi. Layihədə uşaqlarına məktəb ləvazimatları almaq imkanı olmayan iki ailə iştirak edib.
Bu dəfə, Laçın rayonundan olan məcburi köçkün Şəfaqət İmranovanın üç uşağı – 15 yaşlı Aysu, 10 yaşlı əkizlər - Ayxan və Aydan məktəbə hazırlanıblar.
Sputnik Azərbaycan-ın aksiyası xeyirxah insanlar arasında əks-səda doğurub, onların çoxu bu ailəyə maddi yardım göstərmək istədiklərini bildiriblər. Onların köməyi ilə biz bu ailənin uşaqları üçün məktəb formaları, çantalar, qələmlər, idman formaları, geyim, ayaqqabı və bir çox başqa zəruri ləvazimatları ala bildik. Rəsm çəkməkdən zövq alan Ayxan üçün məxsusi olaraq əlavə albomlar, rəngli karandaş dəsti və boyalar alınıb.
Artıq İmranovlar məktəbə başı dik gedə və gələcəyə doğru inamlı addımlar ata biləcəklər. Biz isə onlara uğurlar arzulayırıq və əla şagird olacaqlarına inanırıq.