Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 12 sentyabr — Sputnik. "Yay aylarında daşınmaz əmlaka tələbat nisbətən azalır, alıcılıq qabiliyyəti aşağı düşür. Dincəlməyə, istirahətə getmək buna müəyyən qədər təsir edir. Bağ mövsümü ilə bağlı rayonlarda torpaqların satışı aktivləşir, həmçinin torpaq satışı ilə bağlı şəhərətrafı aktivlik artır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu 2019-cu ilin növbəti aylarında yeni yaşayış binalarındakı evlərin və kirayə mənzillərin qiymətlərində hansı dinamikanın izlənəcəyi ilə bağlı mətbuat konfransında Azərbaycan Rieltorlar Assosiasiyasının sədri Elnur Azadov deyib.
Onun sözlərinə görə, yayın sonlarında isə tələbələrin gəlməsi ilə əlaqədar kirayə mənzillərə tələbat artır: "Bu sahədə tələbat yüksəkdir, lakin təkliflərin getdikcə azalması müşahidə olunur. Pilot layihələrin həyata keçirilməsi ilə bağlı köhnə binalar sökülür. Həmin binalarda çoxlu sayda kiçik mənzillər olub ki, bazardan çıxarılıb. Eyni zamanda, bizdə urbanizasiya prosesi ilbəil artır. Bu da bazara müəyyən qədər təsir göstərir. Bu daha çox kirayə bazarı ilə bağlıdır".
"Tikinti şirkətləri tərəfindən müəyyən qədər rəqabət yaranıb. Ona görə ki, hazırda təklif tələbatdan çoxdur. Bu, şirkətləri vadar etdi ki, qiymətlərin sabitləşməsi üçün müəyyən addımlar atsınlar. Xaricdə daşınmaz əmlak minimum təmirlə satılır. Bizdə isə tikinti şirkətləri o dərəcədə rəqabətə gəlib çıxa bilməyiblər", - deyə ekspert bildirib.
Binaların təmirsiz satılması ilə bağlı tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə deyib ki, binalar tikiləndən sonra vətəndaşlar təmir etməyə başlayırlar: "Bu, yanlış addımdır, çünki illərlə orada təmir gedə bilir. Bu zaman binanın blok hissələri, liftləri zərər görür, təhlükəsizliyi qorumaq mümkün olmur. Bunlar şirkət tərəfindən aparılsa, işin 80 faizi şirkət tərəfindən görülsə, vətəndaşlar üçün rahat olar. Təmirli mənzilləri kreditlə satsalar daha yaxşı olar. Elə olur ki, vətəndaş kreditlə təmirsiz mənzil alır, sonra həm təmir edir, həm də kredit ödəyir. Məsələn, Türkiyədə, Avropa ölkələrində təmirsiz mənzil deyə bir anlayış yoxdur. Mənzili sırf şirkətlər təmir edirlər".