Ruhanidən Trampın qərarına reaksiya - "Qırğı" siyasəti sizə uyğun deyil

© AP Photo / Vahid Salemiİran Prezidenti Həsən Ruhani
İran Prezidenti Həsən Ruhani - Sputnik Azərbaycan
Abunə olmaq
"Amerikalılar başa düşməlidirlər ki, militaristlər və militarizm onların maraqlarına uyğun deyil"

BAKI, 11 sentyabr — Sputnik. İran Prezidenti Həsən Ruhani militarizmin Amerikanın maraqlarına uyğun olmadığını deyib. Sputnik Azərbaycan İran liderinin rəsmi saytına istinadən xəbər verir ki, Ruhani bunu Nazirlər Kabinetinin bu gün baş tutmuş iclası zamanı deyib.

Ruhaninin bu şərhi dünən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu istefaya göndərməsi ilə üst-üstə düşüb.

"Bu gün düşmənin bizə ən yüksək dərəcədə təzyiq göstərdiyi bir vaxtda bizim yolumuz dözümlülük və müqavimətdən keçir. Amerikalılar başa düşməlidirlər ki, militaristlər və militarizm onların maraqlarına uyğun deyil. Militaristlər getməlidirlər; ABŞ "qırğı" (aqressiv – red.) siyasətindən imtina etməli olduğunu anlamalıdır", - Ruhani vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu istefaya göndərdiyini bildirib. Amerika lideri bu qərarını Boltonla arasında olan fikir ayrılığı ilə izah edib.

​Tramp həmçinin Boltonu əvəz edəcək şəxsin adını gələn həftə açıqlayacağını bildirib.

Bolton isə özü Amerika liderinə onu istefaya göndərməsini təklif etdiyini iddia edib.

Bir çoxları Trampın İrana qarşı qəzəbinin Bolton tərəfindən alovlandırıldığını hesab edirlər. Müşahidəçilərin fikrincə, Boltonun 2018-ci ilin aprelində vəzifəyə gəlməsindən bəri yeganə bir missiyası olub: Amerikanı İranla müharibəyə sürükləmək.

Qeyd edək ki, "qırğı" siyasətçi adlandırılan Bolton hətta 2015-ci ildə "New York Times" qəzetində "İran bombasını dayandırmaq üçün İranı bombalayın" adlı məqalə də dərc etdirib. 

Xəbər lenti
0