BAKI, 11 sentyabr — Sputnik. Təəssüf ki, Azərbaycanda xaricdə fəaliyyət göstərərək, siyasi proseslərdə yaxından iştirak etmək cəhdlərində olan şəxslər peyda olublar.
Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Bakıda siyasi partiya nümayəndələrinin iştirakı ilə keçirilən "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda "dəyirmi masa"da deyib.
Ə.Əhmədov bildirib ki, həmin şəxslər xaricdən sığınacaq almaqla Azərbaycan vətəndaşlığından imtina etməyə bərabər addım atıblar: “İkincisi, xaricdə sığınacaq aldığına görə çox məhdud dövlət yardımı ilə yaşayan insanların geniş siyasi fəaliyyət göstərmək, təbliğat maşını yaratmaq, onu idarə etmək kimi imkanları yoxdur. Deməli, bunlar istəsələr də, istəməsələr də, bu fəaliyyəti göstərmək üçün hər-hansı bir kənar maliyyə dəstəyinə ehtiyac duyurlar və bu dəstəyi almaq üçün ayrı-ayrı maraqlı qüvvələrin təsiri altına düşməyə məhkumdurlar. Digər tərəfdən, onlar bu məsələdə maraqlı olan xüsusi xidmət orqanları üçün tamamilə açıq olurlar, ardıcıl olaraq xarici xüsusi xidmət orqanları tərəfindən asanlıqla ələ alına bilən, yönəldilə bilən bir qrupa çevrilirlər. Bu mənada o insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəli, həm də yolverilməzdir”.