BAKI, 11 sentyabr — Sputnik. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı üzrə təqdim olunan virtual xidmətlər istifadəçilərin işini daha rahat edir. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədin hansı icra vəziyyətində olduğunu, hazır olacağı tarixi, xidmət haqqını vaxt itirmədən, sadəcə müraciət nömrəsini daxil etməklə öyrənmək mümkündür. Bu barədə Sputnik Azərbaycan-a Komitədən məlumat verilib.
Məlumatda bildirilir ki, vətəndaşların bu istiqamətdə dəqiq və operativ informasiya ilə təminatı elektron xidmətlərlə yanaşı, SMS məlumatlandırma ilə də aparılır. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət etmiş vətəndaş sənədinin icra vəziyyəti və ya hazırolma tarixi ilə bağlı məlumatı öyrənmək üçün komitənin "Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi" adlı elektron xidmətindən istifadə edə bilər.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə tələb olunan xidmət haqqı icra prosesində müəyyən olunur. Vətəndaş bu barədə məlumatı xidmət yerinə gəlmədən öyrənməklə hazır sənədlə bağlı ödənişi yerinə yetirə bilər. Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (www.e-emdk.gov.az) siyahı üzrə 10-cu bölmədə "Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi" xidməti ilə sənədin icrası ilə bağlı dəqiq xidmət haqqını öyrənmək olar. Eyni zamanda vətəndaş müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqının məbləği ilə tanış ola bilər. Komitə xidmət haqqı ilə bağlı məbləğin ödənilməsini də elektron xidmət vasitəsilə onlayn formada təklif edir. Bunun üçün istifadəçi Elektron Xidmətlər Portalında (www.e-emdk.gov.az) 5-ci bölmədəki "Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının ödənilməsi" adlı elektron xidmətə daxil ola bilər.