BAKI, 10 sentyabr — Sputnik. Bakıda bir həftə əvvəl ölmüş şəxsin meyiti qəbirdən çıxarılıb.
Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, Qaradağ rayon sakini, 1954-cü il təvəllüdlü Hacıyev Mirsahib Mirağa oğlu 7 gün bundan qabaq vəfat edib. Mərhumun yaxınları M.Hacıyevin ölümündə cinayət motivlərinin olmasından şübhələnərək ekspertizaya müraciət ediblər.
Yaxınlarının müraciəti əsasında sentyabrın 9-u M.Hacıyevin məzarı açılıb və meyiti müayinə olunub.
Müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Ölümün dəqiq səbəbləri ekspertizanın verdiyi yekun rəydə məlum olacaq.